BolgeXeber.Com » Xəbərlər » İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

İlhamə Quliyevanın oğlu azadlığa buraxıldı

11-12-2018, 18:24
Oxunub: 2 064 İlhamə Quliyevanın oğlu azadlığa buraxıldıMərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baş tutan prosesdə Orxan Nadirovun vəkili Hüseyn Eynullayev müdafiə nitqi ilə çıxış edib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib. Onun sözlərinə görə, eyni zamanda Orxan Nadirov məhkəmədə səmimi ifadələr verib və bu işin obyektiv araşdırlmasına öz etirafedici ifadələri ilə bir növ köməklik göstərib.

Vəkil qeyd edib ki, Orxan Nadirov əməlindən peşmandır.

Vəkil bu halları nəzərə almaqla, məhkəmədən Orxan Nadirov barəsində həbslə bağlı olmayan hökm verilməsini məhkəmədən xahiş edib.

Daha sonra Orxan Nadirov söz deyib. O, əməlindən peşman olduğunu bildirib.

Sonra müşavirə keçirən hakim heyəti hökm elan edib.

Hökmə əsasən, Oran Nadirov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

O, 1000 manat məbləğində cərimə olunub.

İttihama görə, Orxan Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib.

Oran Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan qarşı 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib.

Qeyd edək ki, Orxan Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb.

O, oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O, ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.

Xatırladaq ki, İlhamə Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.