BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda 6 bal gücündə zəlzələ olub

Azərbaycanda 6 bal gücündə zəlzələ olub

6-02-2019, 10:28
Oxunub: 1 958 Azərbaycanda 6 bal gücündə zəlzələ olubTəhsil Nazirliyi ötən gecə baş verən zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, fevralın 5-də baş verən zəlzələ nəticəsində İsmayıllı rayonunda bir, Şamaxı rayonunda isə dörd məktəbdə çatlar əmələ gəlib:

“Hazırda Təhsil Nazirliyinin nümayəndələri həmin məktəblərə baxış keçirirlər”.

10:09

Şamaxıda qeydə alınan yeraltı təkanlar nəticəsində 14 kənddə evlərdə müxtəlif dərəcəli çatlar əmələ gəlib.

Bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə baxış keçirib:

“Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müavinləri, nümayəndə heyəti ilə ərazidədirlər. Dağıntılara məruz qalan evlər, müxtəlif dərəcəli çatlar var. Demək olar ki, 14 kənddə evlərə müxtəlif dərəcəli ziyan dəyib. İnsan tələfatı olmayıb. Rayon rəhbərliyi araşdırma aparır. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb”.

09:43

Ötən gecə baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, baş verən zəlzələdən sonra daha beş yeraltı təkan qeydə alınıb:

“İlkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub”.

Mərkəzdən qeyd edilib ki, sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alınıb:

“Zəlzələlərdən üçü hiss olunub. Hazırda yeraltı təkanlar davam edir”.

Qeyd edək ki, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov zəlzələ bölgəsinə gedib. Hazırda yerli hakimiyyətlərinin rəhbərləri ilə zəlzələ nəticəsində baş verən dağıntılarla bağlı əraziyə baxış keçirilir.

01:46

Azərbaycanda daha bir zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar fevralın 5-də saat 23:37-də Pirqulu stansiyasından 8 km qərbdə, Ağsu rayonu ərazisində qeydə alınıb.

Yeraltı təkanlar episentrdə 3 bala qədər hiss olunub.

Maqnitudası 3,4 olan zəlzələnin episentri 11 kilometr dərinlikdə yerləşirdi.

00.11

Azərbaycanda baş verən zəlzələ ilə bağlı rəsmi məlumat yayılıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı rayonu ərazisində qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

Yeraltı təkanların episentri 8 kilometr dərinlikdə yerləşirdi.


23.54

Axşam saatlarında ölkə ərazisində zəlzələ olub.

Yeraltı təkanlar 3-4 bal təşkil edib.

Yeraltı təkanlar bölgələr və paytaxtda hiss olunub.

Zəlzələ nəticəsində rayonun Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib.

Qəsəbə sakini İmran Nurməmmədova məxsus yaşayış evinin divarının bir hissəsi uçub.

Qəsəbədə yerləşən daha iki evin zəlzələdən zərər gördüyü bildirilir.

Yeraltı təkanlar iki dəfə qeydə alınıb. İkinci təkan 10 saniyə davam edib.

İnsanların evlərindən küçələrə çıxdığı bildirilir.