BolgeXeber.Com » Xəbərlər » Növbəti sığorta fırıldağı, yoxsa... - GİLEY

Növbəti sığorta fırıldağı, yoxsa... - GİLEY

27-02-2019, 11:40
Oxunub: 1 568 Növbəti sığorta fırıldağı, yoxsa... - GİLEYŞirkətin Rəşad adlı əməkdaşı ilə görüşən Orxan Əli gözlənilməz mənzərə ilə üzləşib

Avtosfer.az portalının redaktoru, jurnalist Orxan Əli “Standart İnsurance” şirkətindən şikayətçidir. Jurnalist deyir ki, 2019-cu ilin yanvar ayının 3-də idarə etdiyi 90 ZA 609 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomobil digər bir sürücü tərəfindən vurulub. Məhz bundan sonra jurnalistin 50 günlük iztirabı başlayıb. Belə ki, qarşı tərəfin sığorta şirkəti, yəni “Standart İnsurance” şirkətinin əməkdaşı hadisə yerinə gəlib, hadisənin fotolarını çəkəndən sonra yol polisindən alınmış “Forma 4" ilə birlikdə şirkətə yaxınlaşmağı söyləyib.

Yanvar ayının 4-də Orxan Əli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində olub. Onu qəbul edən inspektor hadisədə günahın həqiqətən də qarşı tərəfdə olduğunu və buna dair videogörüntülərin mövcudluğunu bildirib. Yol-nəqliyyat hadisəsi barədə arayışı alan jurnalist “Forma 4"ü götürmək üçün sığorta şirkətinə yollanıb.

Şirkətin Rəşad adlı əməkdaşı ilə görüşən Orxan Əli gözlənilməz mənzərə ilə üzləşib. Əməkdaş ona bildirib ki, hadisədə günahkar tərəf kimi qəza yerinə baxış keçirən işçi tərəfindən jurnalistin özü günahkar göstərilib və araşdırma şöbəsinə yaxınlaşmağı məsləhət görüb. 15 günlük “araşdırma”dan sonra “Standart İnsurance” şirkətinin şöbə müdiri hadisədə qaranlıq məqamların olduğunu və bunun araşdırılmasının vacibliyini bildirib.

Nəhayət, 15 gündən sonra “Forma 4" alıb yol polisinə təqdim edən jurnalist DYP-nin rəyini sığorta şirkətinə çatdırıb. Təxminən bir həftə ərzində qiymətləndirilən avtomobilin təmirinə nəhayət ki, bir aydan sonra - fevral ayının 3-də razılıq verilib. Məbləğ isə 2305 manat müəyyənləşdirilib.

Jurnalist servisdə təmir olunan avtomobilin təmir xərcinin də elə servisə ödənməsini istəyib. Müqaviləyə imza atdıqdan və bank hesabı təqdim edildikdən sonra məbləğin 7 iş günü ərzində hesaba köçürüləcəyi bildirilib. Jurnalistə servisdən girov qoymaq qarşılığında avtomobilini götürə biləcəyi bildirilib. Bir həftədən sonra sığortadan pul alacağı ümidi ilə borc alan jurnalist avtomobil üçün hesablanmış 2305 AZN pulu servisdə girov qoyaraq avtomobilini götürüb.

Ancaq bir neçə gün sonra pulun nə vaxt ödəniləcəyi ilə bağlı şirkətə zəng edən jurnalist sözün əsl mənasında şok yaşayıb. Ona deyilib ki, sizin pulunuz aprel ayının 4-dən sonra ödənəcək. Fevral ayının 21-də sığorta şirkətinə gedən jurnalist avtomobilin artıq təmirdən çıxdığını və pulun ödənilməsini tələb edib. Ancaq bundan sonra sığorta şirkəti, ümumiyyətlə, pulu ödəməkdən imtina edib.

İndi jurnalist çıxılmaz vəziyyətdə qalıb. Borc götürdüyü 2305 manatı nə sığorta şirkəti ödəyir, nə də servis geri qaytarır. Ən son olaraq jurnalistə şirkət 305 manat pul ödəyib. 2 min manatın taleyi isə naməlumdur...

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
“Yeni Müsavat”