BolgeXeber.Com » Xəbərlər »  Astroloqlar Rəsədxana direktoruna qarşı birləşdi: - “Qoy Namiq Cəlilov özü onu axtarıb tapsın”

 Astroloqlar Rəsədxana direktoruna qarşı birləşdi: - “Qoy Namiq Cəlilov özü onu axtarıb tapsın”

27-04-2019, 16:27
Oxunub: 3 133  Astroloqlar Rəsədxana direktoruna qarşı birləşdi: - “Qoy Namiq Cəlilov özü onu axtarıb tapsın”AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri doktoru Namiq Cəlilov maraqlı açıqlamalarla çıxış edib.

Onun fikrincə, ulduzlar heç bir halda insan həyatına təsir etmir, qoroskop cəfəngiyyatdır və ona inanmaq lazım deyil: “Biz Yerdən müəyyən ulduzları görüb ona hansısa adlar veririk. Əgər Yer atmosferindən kənara çıxsaq, heç bir bürcü görə bilməyəcəyik. Bunlar hamısı atmosfer effektidir. Atmosfer ulduzları filtrasiya edir və bəzi parlaq ulduzları müəyyən şəkildə görürük, onları xətlərlə birləşdirib təxəyyülümüzdə ona bürc deyirik- Şir bürcü, Tərəzi bürcü, Dolça bürcü. Amma biz əgər kosmosa çıxsaq, görərik ki, ulduzlar o qədər sıxdır, elə bil kosmosa un səpmisən. Qoroskopa inanmaq lazım deyil, onların kimlərinsə dolanışıq mənbəyidir, yazırlar ki, ulduzlar sizə təsir edəcək. Onların hamısı tamamilə cəfəngiyyatdır”.

Astroloq Firudin Qurbansoy Cebhe.info-ya açıqlamasında deyib ki, Namiq Cəlilov Şamaxı Rəsədxanasının direktorudursa, bu, o demək deyil ki, həqiqətləri danışır: “Hərənin öz həqiqəti var. Namiq Cəlilov alimdir və öyrəndiyi sahə var. Amma öyrənmədiyi sahələr də var. Tarix boyu bu elm çox ciddi şəkildə qiymətləndirilib. Şəxsən mən indi bu işlə məşğul olmuram. Məşğul olduğum vaxtlarda da pul qazanmırdım. Sadəcə olaraq, o sahəni normal bildiyim üçün cavab verə bilərəm ki, Namiq müəllimin bu açıqlamada səhvi var. Səhv nədən ibarətdir? Şamaxı Rəsədxanası Nəsrəddin Tusi adınadır. Əgər Namiq müəllim Nəsrəddin Tusinin bütün əsərlərini diqqətlə oxuyubsa, onda görər ki, onun astrologiyaya aid kitabı var. Nəsrəddin Tusinin adını daşıyan Rəsədxananın direktorunun belə açıqlama verməsi düzgün deyil. Heç olmaya, sərt açıqlama olmazdı. Deyir ki, qoroskop kimlərinsə dolanışıq mənbəyidir. Məsələn, xaricdə, konkret isə Hindistan, Fransa, Amerika və İngiltərədə bunun üçün ayrı-ayrı şirkətlər var. Dövlət adamların əhatəsində bu işlə məşğul olan xüsusi bir dəstə var.

“Bu cəfəngiyyatdır, buna inanmaq lazım deyil”, deməklə olmur, bu, alim sözü deyil. Alim ən azı deməlidir ki, mən o sahənin adamı deyiləm, az xəbərim var. O sahə ilə bağlı Fransada elmi iş müdafiə edən həmvətənimiz var. Adını demirəm, qoy Namiq müəllim özü onu axtarıb tapsın. Mən “Ulduz elmi və orta əsrlər Azərbaycan ədəbiyyatı” monoqrafiyamda bunu yazmışam və həmin adamın şəklini də vermişəm. Birimiz hansısa sahəni öyrənirik, digər sahəyə isə yuxarıdan aşağı baxırıq.

Belə olmaz... Namiq müəllim də öz sahəsinin mütəxəssisi ola bilər. Amma mən inanmıram ki, böyük mütəxəssisdir. Çünki Azərbaycanda “çox böyük mütəxəssis” ifadəsi yoxdur. Dünya elmi ilə müqayisədə Azərbaycan elmində təəssüf ki, indi çox böyük mütəxəssislər yoxdur. Ona görə də kəskin açıqlamalar vermək olmaz. Sən astronomiyanın nəzəri hissəsini öyrənmisən, onun təsdiqini etməmisən ki? Filan ulduz filan yerdədir, parametrləri, trayektoriyası budur. Yaxud ulduzun tərkibində hansı maddələr var. Astrologiyanın 9 sahəsi var. Uşaq tərbiyəsindən tutmuş əkinçiliyə qədər hər bir sahəni əhatə edir. Bunları öyrənmədən, bilmədən hər sözü demək düzgün deyil, ziyalı sözü deyil. Mən Namiq Cəlilovla bütün müzakirələrə hazıram ”.

Astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, ildə bir neçə dəfə Rəsədxana rəhbəri astrologiya ilə bağlı belə bir açıqlama verir: “Arqumentlə, faktla təsdiq edəcək heç nə demir. Kənardan durub yalnız “Astrologiya cəfəngiyyatdır, astroloqlar heç nə demir”, - deyir. Mən hər il 25 proqnoz verirəm, onlardan uzağı ikisi səhv çıxır. Bunun nəyi təsadüf oldu? Gülməli açıqlama verib. Deyir ki, astrologiya sözünü astonomiya sözünə uyğun elə yaradıblar ki, insanlar çaşsın. Elmi bilən adam ilk növbədə qədim yunan sözünün niyə belə səsləndirilməsinin anlamını öyrənməlidir. Bizim fəaliyyətimizlə bağlı təbii ki, irad və konkret suallar bildirənlər var. Amma astroloji izah da istəyirlər. Bu adam alimdir. Konkret arqumentlər gətirməli, faktlar ortaya qoymalıdır. Deyir yerdən ulduzlar, bürclər görünür, amma raketlə göyə qalxanda artıq bürclər öz əhəmiyyətini itirir. Bu nə yanaşmadır? Rəsədxana ilk növbədə öz itmiş nüfuzunu qaldırsın. Heç bir elmi konfransda Rəsədxana iştirak etmir. Dünya rəsədxanaları içərisində nüfuz baxımından çox aşağıdır. Hətta dini fətvanın əleyhinə getməsinlər deyə, ayın doğmasını, bəzən Ramazan bayramının təqvimini yalan deyirlər. Halbuki mən 7 ay, 1 il əvvəl onun hesablamasını verirəm. Mən anlamıram ki, astrologiyanı niyə gözləri götürmür. Amerikada, Rusiyada, Böyük Britaniyada Astrologiya Akademiyası fəaliyyət göstərir. Bundan əlavə 4 ildən bir Almaniyada dünya astroloqları yığışıb elmi müzakirələr aparırlar. Amma bizdə hələ də deyirlər ki, ulduz falı, bürclər boş şeydir. Hər halda mən 30 il cəfəng işlə məşğul olmaram. Bir tərəfdən də ittiham edir ki, gəlir mənbəyidir. Mən nə adam qəbul edirəm, nə də şouya çıxıram. Bu sahə ilə bağlı biznesim yoxdur. Sadəcə, müəyyən az sayda qəzetlərə astroloji proqnoz yazıb adi qonarar alıram. Qonararın məbləği isə Azərbaycanda məlumdur. Mənim məramım astrologiya elmini insalara çatdırmaqdır ki, insanları daha yaxşı tanısınlar və həyatlarında çox az səhvə yol versinlər. Sadəcə, astrologiya uğurlu və uğursuz zaman kəsiyini göstərir. O da insanın üzərinə düşən vəzifələr deyil. Seçim insanın əlindədir. Belə açıqlamalara, "qarayaxma" deyərdim. Mən konkret olaraq Namiq Cəlilova 5 sualla müraciət etmişəm. O suallara cavab vermiş olsa, astrologiyanı təkzib etmiş olar. İllərdir ki, həmin suallara izah vermir. Sağlam astrologiya və onun elmi əsası var. Hər zaman da bunu əsaslandırmışıq”.