BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov Özbəkistanda səfərdə olub

Ramil Usubov Özbəkistanda səfərdə olub

1-06-2019, 16:39
Oxunub: 2 060 Ramil Usubov Özbəkistanda səfərdə olubDaxili İşlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Özbəkistanda ikigünlük rəsmi səfərdə olub

Daxili İşlər Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) üzvlərini qəbul edib.

O, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığını, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsinin aparılması istiqamətində də səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

Görüşdə əlaqələrin daha da genişləndirilməsi, birgə tədbirlərin keçirilməsi, kadrların hazırlanması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Mayın 31-də Daşkənd şəhərində Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə Özbəkistan Respublikasının Daxili İşlər naziri, general-leytenant Pulat Bobojonov açıb və DİNŞ-in iclasına uğurlar arzulayıb.

Şuranın sədri, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, son bir ildə Birlik iştirakçısı olan ölkələrin Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın səmərəliyinin artırılmasına yönəlmiş tədbirlər fəal şəkildə davam etdirilib, MDB-nin İcraiyyə Komitəsi, bu qurumun xüsusiləşdirilmiş sahələrarası orqanları ilə əlaqələrin möhkəmləndirilməsinə, eləcə də DİNŞ-in Bakı iclasının qərarlarının və tapşırıqlarının icrasına xüsusi diqqət yetirilib.

Sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə uyğun olaraq Şuraya rəhbərlik Özbəkistanın Daxili İşlər nazirinə həvalə olunub.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin DİN-lərinin 2030-cu ilədək əməkdaşlıq Konsepsiyası, daxili işlər orqanları tərəfindən kompleks razılaşdırılmış və birgə əməliyyat-profilaktik tədbirlərin keçirilməsinin vahid qaydalarını reqlamentləşdirən sənəd, MDB məkanında terrorizm, ekstremizm, narkotiklərin və silahların qeyri-qanuni dövriyyəsinin, mütəşəkkil cinayətkarlığın qarşısının alınması istiqamətində müzakirələr aparılıb.

MDB-nin iştirakçısı olan dövlətlərin DİN-lərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizəyə dair dövlətlərarası proqramların yerinə yetirilməsinin gedişi barədə çıxış edən nazir R.Usubov gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında duran, günümüzün reallıqları ilə səsləşən vəzifələrə uyğun olduğunu qeyd edib, müzakirələrin əməkdaşlığın daha da intensivləşməsinə və genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini ifadə edib.

O bildirib ki, ötən illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyatı qurumları tərəfindən sıx işbirliyində minlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiyasa olunub.

R.Usubov son illər ölkəmizdə cinayətkarlıqla aparılan qətiyyətli mübarizənin müsbət nəticələri, ümumilikdə cinayətlərin, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması, azalma tendensiyası, dövlətlərarası axtarışa verilən təqsirləndirilən şəxslərin tutulması, əlverişli kriminogen durum, ictimai asayişin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə danışıb, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.

Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

İştirakçılar Şuranın iclasının işinə verdiyi yüksək qiymətə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə bu ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.
Ramil Usubov Özbəkistanda səfərdə olub