BolgeXeber.Com » Xəbərlər » Birinci vitse-prezident Mehriban Əliyeva “IOI 2019” nümayəndələrinə rəsmi məktub ünvanlayıb

Birinci vitse-prezident Mehriban Əliyeva “IOI 2019” nümayəndələrinə rəsmi məktub ünvanlayıb

5-08-2019, 17:35
Oxunub: 2 563 Birinci vitse-prezident Mehriban Əliyeva “IOI 2019” nümayəndələrinə rəsmi məktub ünvanlayıbAzərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva “IOI 2019” nümayəndələrinə rəsmi məktub ünvanlayıb.

Bolgexeber.com bildirir ki, məktubu Prezident Adminstrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir:

“Əziz və hörmətli olimpiada iştirakçıları.

Sizi, dünyanın müxtəlif guşələrindən Bakıya toplaşmış 31-ci Beynəlxalq İnformatika Olimpiadasının iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınıza uğurlar arzu edirəm.

Ümidvaram ki, olimpiada informatika sahəsinin yeni istedadlarının üzə çıxarılması, gənclərin informatikaya maraqlarının daha da güclənməsi və təmsilçi ölkələrin sıralarının genişlənməsi işinə öz töhfəsini verəcək.

Biliklərə əsaslanan cəmiyyətin formalaşdığı və rəqəmsal bacarıqların son dərəcə zəruri olduğu indiki dövrdə, informasiya kommunikasiya texnologiyaları elmi potensialın vacib göstəricilərdən birinə çevrilmişdir.

İnformasiya iqtisadiyyatda, elmdə və cəmiyyət həyatında böyük əhəmiyyətə malikdir. Dünya informasiya şəbəkəsinin yaradılması isə kompüter biliklərinin rolunu xeyli artırmışdır.

“31-ci Beynəlxalq İnformatika Olimpiadası” bu baxımdan qarşısınızda yeni üfüqlər açır. Kompüter elmləri üzrə ən mötəbər müsabiqələr arasında özünəməxsus yer tutan bu bilik yarışı arzularınızın gerçəkləşməsi və həyat yolunuzun müəyyənləşməsinə ciddi təsir göstərəcək.

Hazırki olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil. Belə ki, informasiya cəmiyyətinin qurulması istiqamətində mühüm addımlar atan ölkəmizdə, məktəblər arasında olimpiada hərəkatı ildən ilə geniş vüsət almaqdadı.

Məktəblilərimiz beynəlxalq olimpiadalarda öz müvəffəqqiyyətlərinin davamlı inkişafına nail olaraq son illər ərzində ümumilikdə 160 medal qazanmışdır.

Bu olimpiada günlərində siz eyni zamanda Azərbaycanın keçmişi bu günü və zəngin tarixi, mədəni dəyərləri ilə yaxından tanış olmaq, eləcə də yeni-yeni dostlar tapmaq imkanı əldə edəcəksiz.

Olimpiadanın uzun illər hər birinizin yaddaşında xoş xatirə kimi qalacağına əminəm. İnanıram ki, sizə bəslənən ümidləri gələcək fəaliyyətinizdə layiqincə doğruldacaqsınız".

Xalidə Gəray