BolgeXeber.Com » Xəbərlər » Bakıda bir gündə yeddi nəfər itkin düşdü – Polis səbəbləri açıqlayır

Bakıda bir gündə yeddi nəfər itkin düşdü – Polis səbəbləri açıqlayır

31-08-2019, 16:29
Oxunub: 3 943 Bakıda bir gündə yeddi nəfər itkin düşdü – Polis səbəbləri açıqlayırBakının polis şöbələrinə avqustun 29-da itkin düşmə ilə bağlı yeddi müraciət daxil olub.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat veriblər.

İtkin düşənlərdən üçü yetkinlik yaşına çatmayıb. Belə ki, Mərdəkan qəsəbəsinin 2004-cü il təvəllüdlü sakini Həsənov Ceyhun İsa oğlu avqustun 27-də evdən çıxaraq geri qayıtmayıb. Onun valideynləri avqustun 29-da kömək məqsədilə 1-ci Polis bölməsinə müraciət ediblər.

Avqustun 11-də eyni təvəllüdlü Məmmədov Mehdixan Elşən oğlu Suraxanı rayonunun Hövsan qəsəbəsində itkin düşüb. O, evi tərk edib. Bu günədək E.Məmmədovun yeri barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, 15 yaşlı E.Məmmədovun itkin düşməsi barədə ərizə avqustun 29-da polisə daxil olub.

Ağstafa rayonunun 2002-ci il təvəllüdlü sakini Qocayev Hikmət Saday oğlu Nizami rayonunda yoxa çıxıb. Onu axırıncı dəfə Çobanzadə küçəsindəki 75 nömrəli binanın qarşısında görüblər.

Digər hallarda isə üç kişi və bir ruhi xəstə olan qadın itkin düşüb. Onlar avqustun 26-da evdən çıxıblar. Bu arada, Nəsimi Rayon Polis İdarəsinin əməliyyatçıları bu günlərdə Sumqayıt ərazisində itkin düşən Aysun İsmayılova adlı qızı tapıblar.

İtkin düşmə faktlarını şərh edən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Oxu.Az-a bildirib ki, bu kateqoriyalı faktlar üzrə kriminal risklər yoxdur.

Yalnız iki halda kriminal risk müşahidə edilib – bunlar iyunda üç yaşlı uşağın itməsi və bu yaxınlarda azyaşlı qardaş və bacının yoxa çıxması hadisələridir. Aparılmış operativ-axtarış tədbirləri nəticəsində sözügedən cinayətlərin üstü tam açılıb, şübhəlilər – dilənçiliklə məşğul olan və avara həyat tərzi sürən qadınlar saxlanılaraq istintaqa təhvil verilib.

“İnsanların evi gizlincə tərk etmələri ilə bağlı faktlar mövcuddur. Onlar ya qohumları, ya da tanışlarının evinə gedir, öz evlərində isə bu barədə heç kəs xəbər tutmur. Buna səbəb isə çox vaxt ailə üzvləri arasında məişət zəminindəki fikir ayrılıqları olur. Bütün hallarda müraciətlərə polis tərəfindən operativ reaksiya göstərilir və müvafiq tədbirlər görülür”, – E.Hacıyev qeyd edib.

Qeydə alınmış faktların ümumi təhlili göstərir ki, onlarda kriminal risk yoxdur.