BolgeXeber.Com » Xəbərlər » Baş prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Baş prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

11-09-2019, 17:23
Oxunub: 2 340 Baş prokuror Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşübSentyabrın 11-də Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Azərbaycanda Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verildiyini xüsusi vurğulayaraq müstəqillik əldə etdikdən sonra xalqımızın Ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülən məqsədyönlü işlər barədə danışıb, o cümlədən Avropa Şurası ilə münasibətlərin tarixinə nəzər salıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirildiyini bildirən Baş prokuror, müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 feval 2017-ci il tarixli Sərəncamının icrası ilə bağlı Cinayət Məcəlləsinə ümumilikdə 300-ə yaxın dəyişikliklərin edilməsi, Məcəllədə indiyədək nəzərdə tutulmuş 18 növ cinayət əməlinin dekriminallaşdırılması, cinayət məsuliyyətinə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirilərək, 152 növ cinayətin sanksiyasına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması barədə məlumat verib, bu humanistləşdirmə tədbirlərinin bugünədək 10 minə yaxın şəxsə şamil olunduğunu bildirib.

Həmin tədbirlərin davamı olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlərin görülməsi, cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidmətinin yaradıldığı qeyd edilib.

Bundan başqa, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı barədə məlumat verən Baş prokuror, ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışıb.

Baş prokuror qeyd edib ki, həmin tövsiyə və tapşırıqların icrası ilə əlaqədar Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişkiliyin edilməsi haqqında Qanun layihələri hazırlanıb.

Görüş zamanı xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizin 20 faiz ərazisinin erməni işğalı altında olması, 1 milyondan artıq qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarından didərgin düşməsini qeyd edən Baş prokuror, işğala məruz qalmış ərazilərimizdə yaradılan qondarma “məhkəmələr” tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz doğma torpağında casus adı ilə həbs edilərək əsirlikdə saxlanılmasının insan hüquqlarının pozuntusunun bariz nümunəsi olmasını qonağın diqqətinə çatdırıb.

Baş Prokurorluğun insan hüquqları və qanunun aliliyi sahəsində Avropa Şurası ilə əməkdaşlığa hər zaman hazır olduğunu bildirən Baş prokuror cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən korrupsiyaya qarşı mübarizə istiqamətində atılan addımlar barədə məlumat verib, bu işdə həm əhali, həm beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən və dünyada artıq Azərbaycan brendi kimi tanınan “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətini xüsusi qeyd edib.

Ölkəmizlə bağlı xoş təəssuratlarından danışan cənab Xristos Cakumpolos, Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri qismində Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların Avropa Şurası tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çəkib.

X.Cakumpolos Avropa Şurası ekspertlərinin azərbaycanlı həmkarları ilə bundan sonra da sıx və əlaqəli şəkildə işləmək niyyətini ifadə edərək eyni zamanda korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən işləri yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər müzakirə edilib.