BolgeXeber.Com » Xəbərlər » 1 manatlıq lotereya ilə varlanmaq arzusu - reallıq, yoxsa...

1 manatlıq lotereya ilə varlanmaq arzusu - reallıq, yoxsa...

25-09-2019, 11:04
Oxunub: 3 426 1 manatlıq lotereya ilə varlanmaq arzusu - reallıq, yoxsa...Azərbaycanda şans oyunlarına aludə olanların sayı kifayət qədərdir; ekspertlər fırıldağı da istisna etmirlər

Birdən-birə varlanmaq - küp tapmaq, lotereyada udmaq həvəsi insanlarda hər zaman olub. Günümüzdə lotereya ilə milyonçu olmaq istəyənlər kifayət qədərdir.

Dünya ölkələrinin tarixində lotereya oyunları zamanı fantastik uduşlar qeydə alınıb. Bizdə isə yüksək məbləğlərə tez-tez rast gəlməsək də, oyun həvəskarları azalmır.

Ölkəmizdə müxtəlif adlarda lotereya oyunları keçirilir. “Oturduğu yerdə” pul qazanmaq arzusunda olanlar həftənin müəyyən günləri biletini alıb televizorun qarşısına keçir.

Azərbaycanda lotereya oyunları bir sıra özəl şirkətlərin təşkilatçılığı ilə 90-cı illərdən start götürüb. Lakin şəffaflığı təmin etmək üçün 2001-ci ildən dövlət bu sahəni nəzarətə götürüb. “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti yaradılıb və bu cəmiyyət ölkədə keçirilən bütün növ lotereya oyunlarına cavabdehdir.

Xatırladaq ki, ölkəmizdə şans oyunları zamanı yüksək uduşlar da qeydə alınıb. Müxtəlif illərdə 161 490 manat, 409 min manat, 439 135 manat dəyərində uduşların olduğu barədə mətbuatda məlumatlar yer alıb. Lakin bəzi ekspertlər qurumun fəaliyyətində şəffaflığın olmadığını bildirir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, lotereya həm də insanları aldadan bir biznesdir: “2008-ci ildə bir araşdırma etdim, Amerikada olduğum zaman ani lotereya uduşu olan bilet aldım, Gürcüstanda da olarkən aldım. Bu sahədə insanları necə aldatdıqlarını müəyyənləşdirdim. Hamısının məndə nümunəsi var, bunu sübut da edə bilərəm. İnsanları eyni yolla aldadırlar. Azad İstehlakçılar Birliyi olaraq məsələ qaldırdıq, o insanları aldatdıqları yolu ifşa etdikdən sonra üsullarını dəyişdilər. İndi necə aldatdıqlarını bilmirəm”.
1 manatlıq lotereya ilə varlanmaq arzusu - reallıq, yoxsa...


“Azərlotereya”nın ictimai komissiyasının fəaliyyətindən də narazı olan Eyyub Hüseynov bildirdi ki, o komissiyanın özü də, sadəcə, gözdən pərdə asmaq üçün yaradılıb: “Orada yaradılan komissiyanın heç bir hüququ yoxdur. Onların satılan lotereyalar, uduş fondları barədə məlumatları yoxdur. Bu sahədə qeyri-şəffaflıq olduğunu düşünürəm. Mən bir müddət öncə tələb etdim ki, ictimai komissiyanın hüquqları olsun, formal olaraq orada oturmasınlar. Bu sözümdən sonra bizim onlarla əməkdaşlığımız kəsildi. Əgər şəffaflıq olmasını istəyirlərsə, lotereya üzrə ekspertiza aparan şəxslərə imkan yaratsınlar. Biz də onların fəaliyyəti ilə maraqlanaq”.

Bəzən mediada yüksək məbləğdə pul udan insanlarla bağlı yayılan xəbərlərə aydınlıq gətirən ekspert bildirib ki, bu məsələdə ictimai komissiyanın heç bir hüququ yoxdur: “Düşünürəm ki, bunlar yalan xəbərlərdir”.

Mövzuya dair küçədə bilet satan satıcılardan bir sıra məlumatlar almağa çalışdıq. Maraqlıdır, gün ərzində nə qədər bilet satılır, satılan biletlərə iri məbləğli uduşlar düşürmü?

Ənvər adlı satıcı bildirdi ki, gün ərzində 50-60 satış edə bilir. İri məbləğli uduşla bağlı məsələyə gəlincə, bir həftə öncə 800 manatlıq uduş olduğunu bildirdi. Bu ərəfədə piştaxtaya yaxınlaşan bir alıcı isə heç vaxt böyük məbləğlər uda bilmədiyini, ara-sıra əyləncə üçün uşaqlarına aldığını söylədi.

Tural adlı satıcı isə dedi ki, özü də lotereyada şansını tez-tez sınayır. Klassik lotereyadan 1000 manat udduğunu bildirən satıcı alıcılarının arasında da yüksək məbləğlər qazandığını qeyd etdi.

“İki həftə bundan əvvəl alıcılardan biri 5000 min udub. Uduşlar arasında 100 min, 50 min olanlar da var. Lakin hələ mənə təsadüf etməyib”- deyə satıcı qeyd etdi.

Satışdan narazı qalan İsmayıl adlı satıcı gün ərzində 500- 550 satış etdiyini bildirdi: “Mən özüm tez-tez oynayıram. Ancaq bir dəfə 1200 manat udmuşam. Məndən alanların arasında 10000 manat qazanan da olub. Bəxt məsələsidir, kimin qismətinə nə çıxırsa odur”.

Söhbət zamanı piştaxtaya yaxınlaşan alıcı “Binqo” aldı. Bildirdi ki, tez-tez lotereya bileti alır, amma cəmi bir dəfə 5 manat udub.

Məleykə AĞASOY,