BolgeXeber.Com » Xəbərlər » Hökumət Pərvanənin başına dolanacaqmı - deputatdan açıqlama

Hökumət Pərvanənin başına dolanacaqmı - deputatdan açıqlama

17-10-2019, 10:37
Oxunub: 3 325 Hökumət Pərvanənin başına dolanacaqmı - deputatdan açıqlamaAydın Mirzəzadə: “Çətinliyi olan insanların problemləri ilə müxalifət deyil, iqtidar məşğul olur və həll edir”

Bir neçə gündür sosial şəbəkələrin qəhrəmanına çevrilmiş Pərvanə Əhmədova yeni videomüraciət yayıb.

Videomüraciətdə Milli Şuranın oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girmiş Pərvanə Əhmədova müxalifət düşərgəsini tənqid edərək, onunla bağlı şayiə yaymaqda ittiham edib.

O, heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, müxalifət düşərgəsinə özünəməxsus formada müraciət edib. O, müraciətində: “Alooo, müxalifət, bəsdirin! Məni öz oyunlarınıza alət etməyin!” deyərək fikrini tamamlayıb.

Yada salaq ki, Milli Şuranın sonuncu piketində Pərvanə Əhmədova adlı vətəndaş sosial durumunun ağır olduğunu, maddi imkansızlıq səbəbindən uşaqlarına orta təhsil verə bilmədiyini və digər bu kimi problemlərini dilə gətirmişdi. Pərvanə Əhmədovanın bu fikirləri piketi çəkən blogerlərin, jurnalistlərin kameralarına düşmüşdü. Bundan sonra AXCP sədri və üzvləri, eləcə də Milli Şura tərəfdarları onun bu fikirlərini tirajlayıb, hökumətə qarşı istifadə etməyə başladılar. Hətta sosial şəbəkələrdə belə söz-söhbət yayıldı ki, Pərvanə Əhmədova hökumət tərəfindən təzyiqlərə məruz qalıb, bu səbəbdən onunla əlaqə saxlamaq mümkün olmur. Ancaq Pərvanə Əhmədova son müraciətində də bildirdi ki, yazılanlar tamamilə əsassızdır.

Pərvanə mitinq ile ilgili görsel sonucu

Sosial şəbəkələrdə belə məlumatlar da yayılıb ki, hökumət Pərvanə Əhmədovaya mənzil verib. Videomüraciətində P.Əhmədovanın yeni mənzildə olduğu diqqət çəksə də, o, qohumlarının evində qaldığını bildirib. Ona hökumət tərəfindən hansısa yardımın edilib-edilməməsi məsələsindən heç bir söz açmayıb.

Ekspertlər hesab edir ki, Pərvanə Əhmədova, sadəcə, ağır sosial durumunu diqqətə çatdırıb, belə situasiyalarda hökumət ona sahib çıxmalı, problemlərinə kömək etməlidir. Bununla həm də vətəndaşın ağır sosial durumundan Milli Şuranın sui-istifadə edib, iqtidara qarşı istifadə etməsinin də qarşısı alınmış olar.

Aydın Mirzəzadə ile ilgili görsel sonucu

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hakim partiyanın üzvü, deputat Aydın Mirzəzadə bildirib ki, əslində bu cür insanlara hər zaman müxalifət deyil, iqtidar kömək edib: “İlk növbədə onu qeyd edim ki, müxalifətin kimdənsə istifadə etməsi çox əcaib görünür. Müxalifətin vəzifəsi siyasətə alternativ siyasət, görülən fəaliyyətə alternativ proqram qoymaqdır. Biz isə müxalifətin fəaliyyətində bunu görmürük. Hansısa bir nəfərin sosial problemini tribunaya çevirib, bunun üzərindən iş qururlar. Görünən də budur ki, çox zəif bir üsuldan istifadə edirlər. Həmin insan bir gün sonra fikrini dəyişdi. Bu, həmin şəxsin öz hüququdur. Birincisi, mən qadınların üstünə gedilməsinin əleyhinəyəm. O, qadındır, anadır və gəlin ona hörmətlə yanaşaq. İkincisi də dünən belə, bu gün fərqli düşünürsə, bu da onun hüququdur. Sadəcə olaraq, mən sosial şəbəkədə onun videomüraciətini ona görə yaydım ki, həmin insan bu gün müxalifətdə ondan istifadə edilməməsi barədə çağırış edib. Hakim komandanın nümayəndəsi kimi həmin çağırışı yerləşdirdim ki, müxalifət, ciddi fəaliyyətlə məşğul olun. Proqram irəli sürüb, alternativlik edin. Hansısa insanın sosial məsələsini bayrağa çevirməyin. Bəli, cəmiyyətimizdə sosial məsələlər var. Həll edilməmiş işlər, çətinlikdə yaşayan insanlar var. Ancaq onların problemləri ilə müxalifət deyil, iqtidar məşğul olur və bacardığı qədər də həll edir”.

Milli Şuranın oktyabrın 19-da keçirmək istədiyi mitinqlə bağlı isə A. Mirzəzadə aşağıdakıları söyləyib: “Biz demokratik ölkəyik və qanundan istifadə edərək, kimsə hansısa tədbir keçirmək istəyə bilər. Əgər qanun icazə verirsə, onlara şərait yaradılacaq. Bundan öncə də onlara Lökbatanda mitinq keçirməyə icazə verildi və özləri bundan imtina etdilər. Necə ki, piket keçirməyə də icazə verildi və hamımız bunun şahidi olduq. Müxalifətin müəyyən bir radikal qanadı gəlin görək mitinqdə səsləndirdiyi fikirləri sonradan tirajlayırlarmı? Xeyr. Biz buna rast gəlmirik. Əksinə, həmin tədbirlərin ətrafında baş verən hansısa insidenti şişirtməyə, onu problemə çevirməyə çalışırlar. Belə bir təəssürat yaranır ki, ya onların cəmiyyətdə deməyə sözü yoxdur, ya da məqsədli şəkildə həmin o tədbiri keçirirlər ki, ətrafda baş verən hansısa insidenti şişirtsinlər. Cəmiyyət isə öz probleminin həllini istəyir. Sadə bir vətəndaş sosial problemlərin həllini istəyir. Müxalifətdən isə bununla bağlı real təklif görmür, yenilik eşitmir. Iqtidarda isə bunu görür. Düzdür, gözləntilərinin hamısı istədiyi səviyyədə deyil. Ancaq bununla belə, yenilikləri, real təklifləri görə bilir. Bu gün biz kriminalsız, təhlükəsiz ölkədə yaşayırıq. Bütün cəhdlərə baxmayaraq Azərbaycan hansısa ”super güc"ün yanında deyil və müstəqil siyasət yürüdür. Bu gün Azərbaycan manatı dəyərini itirmir, banklarımıza inam qayıdıb, iş yerlərinin sayı artır, ali təhsilin nüfuzu əvvəlki kimi yüksəkdir. Cəmiyyət də keyfiyyətcə yeni mərhələyə qalxır. İqtidar da buna uyğun olaraq yeni mərhələyə qalxır. Biz görürük ki, cənab prezident beynəlxalq tədbirlərdə iştirak edir, vətəndaşlarla görüşür, ayrı-ayrı böyük proqramların fəaliyyəti ilə bağlı addımlar atır. Birinci vitse-prezident Mehriban xanımın sosial proqramları nəzarətdə saxlaması, müxtəlif insanların problemlərinin həllində iştirak etməsi hakimiyyətin cəmiyyətə yaxınlığını, cəmiyyətin düşüncəsi və reallığı ilə nəfəs aldığını göstərir. Bu, bizim göstərdiyimizdir. Bəs müxalifət əvəzində nə təklif edir? Əvəzində təklif etdiyi mitinq, piket ətrafında olan söhbətlərdir. Bu isə bir qədər qeyri-ciddi söhbətdir".

Əli RAİS