BolgeXeber.Com » Xəbərlər » Qısa zamanda populyarlaşan “Azpulmat”lar ləğv edildi: Vətəndaşlar borcu necə ödəsin? – VİDEO

Qısa zamanda populyarlaşan “Azpulmat”lar ləğv edildi: Vətəndaşlar borcu necə ödəsin? – VİDEO

26-11-2019, 17:02
Oxunub: 4 396 Qısa zamanda populyarlaşan “Azpulmat”lar ləğv edildi: Vətəndaşlar borcu necə ödəsin? – VİDEOBakıda son günlər bir neçə yerdə insanlara “pul paylayan” aparatlar quraşdırılıb

Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər.

Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası borc pul verməkdir. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra aidiyyatı qurumlar hərəkətə keçdi, bəlli oldu ki, bu cür avadanlıqların quraşdırırlması heç bir qanuni yolla tənzimlənməyib.

Mətbuatda yazılanlara görə, bu aparatlar “Azpul” MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.

Öyrəndik ki, Nizami və Sabunçu rayonu ərazisində quraşdırılan avadanlıqların fəaliyyəti artıq dayandırılıb.

Musavat.com olaraq “Azpulmat” avadanlığının yerləşdiyi əraziyə baş çəkib, məlumatı dəqiqləşdirməyə çalışdıq.

“Azpulmat” aparatlarının önündə onlarla insan dayanmışdı ki, onlardan bir qismi pul çıxarmağa gələnlər, bir qismi isə öncəki günlərdə götürdükləri borcu ödəmək üçün gələnlər idi. Vətəndaşlar bildirdilər ki, şənbə günündən etibarən “pul paylayan” aparat işləmir. Şəxsiyyət vəsiqəsini oxuyan hissəsi çıxarılıb.“Azpumat”a borcu olanlar isə götürdükləri borcu və faizini necə ödəyəcəklərini bilmirlər.

Ancaq diqqət edilməli məsələ, bu bankomatların təkcə sosial tərəfi deyil, həm də təhlükəsizlik tərəfidir. Qısa zamanda minlərlə insanın fərdi və biometrik informasiyaları bəlli olmayan bir mənbədə toplanır. Sonradan onun necə və hansı məqsədlə istifadə ediləcəyi, dövlətin lisenziyasının, nəzarətinin olub-olmaması da bəlli deyil.

Məsələ ilə bağlı Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası da məlumat yayıb. Bu qurum nağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” özünəxidmət terminalların fəaliyyətini araşdırıb.

Palatanın mətbuat katibi Elşən Allahverdiyevin sözlərinə görə, aparılan monitorinqlər zamanı aydın olub ki, “Azpulmat” özünəxidmət terminalları vasitəsilə kreditin rəsmiləşdirilməsi üçün fiziki şəxslərdən fərdi məlumatların, o cümlədən biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir.

“Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunları ilə tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir.

Həmçinin, “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 28 oktyabr 2008-ci il tarixli 7 nömrəli Fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir.

Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir”, – Palatanın sözçüsü bildirib.

Allahverdiyev vurğuladı ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib.