BolgeXeber.Com » Xəbərlər » "Pulun xərclənməsini rəis özü müəyyən edirdi" - Bakıda lift quraşdıran rəisin işi

"Pulun xərclənməsini rəis özü müəyyən edirdi" - Bakıda lift quraşdıran rəisin işi

18-12-2019, 15:05
Oxunub: 1 797 "Pulun xərclənməsini rəis özü müəyyən edirdi" - Bakıda lift quraşdıran rəisin işi“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasımda dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, dövlət büdcəsindən binalarda 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün vəsait ayrılıb.

Məlumata görə, bu vəsaitin təxminən 1 milyon 835 min manatı mənimsənilib. İddia olunur ki, dövlətin vəsaitilə alınan 426 min manatlıq material-avadanlıqlar təyinatı üzrə istifadə olunmayıb.

İttihamda göstərilir ki, həmin material və avadanlıqlar ticarətlə məşğul olan şəxslərə satılıb, saxta sənədlər tərtib edilərək həmin materialların istifadə olunduğu rəsmiləşdirilib.

Araşdırmalar 2013-2015-ci işləri əhatə edir.

Bu gün keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin vəkili prosesin təxirə salınmasını istəyib.

Vəkil bildirib ki, zərərçəkmiş tərəfin nümayəndəsi prosesə gəlməyib: "Dəymiş ziyanla bağlı rəqəmlərdə ciddi ziddiyyətlər var. Ona görə də, zərərçəkmiş tərəfə bununla bağlı suallarımız olacaq".

Hakim bildirib ki, ziddiyyət hesab edilən bütün məqamlar məhkəmə tərəfindən araşdırılacaq və bu, şahidlərin dindirilməsinə mane olmur.

Məhkəmənin davamında şahid qismində “Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin baş mühəndisi olmuş Cilovxan Əliyev dindirilib. Şahid bildirib ki, 2103-2015-ci illərdə Ruslan Dilanovla birlikdə işləyib. Şahid deyib ki, həmin dövrdə yeni liftlərin quraşdırılması və köhnə liftlərin təmir olunması ilə bağlı proseslərdə iştirak etsə də, vəsaitlərin hesablanması və xərclənməsi ilə bağlı rəqəmləri xatırlamır.

Dövlət ittihamçısı bildirib ki, onun iştirakı ilə imzalanan 12 aktda şişirdilmiş rəqəmlər müəyyən edilib və söhbət 1 milyon manatdan artıq vəsaitdən gedir.

Cavabında C.Əliyev bildirib ki, həmin aktlar 71 ədəd liftin quraşdırılması və təmir işləri ilə bağlıdır: "Sözügedən məbləğlər bu işlərə sərf edilib, ancaq mən vəsaitlərin xərclənməsində iştirak etməmişəm. Nəyin haradan alınmasını, pulun nəyə xərclənməsini rəis özü müəyyən edirdi və vəsait xərclənirdi".

Şahidin istintaqa ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğu məlum olub.

Belə ki, şahid istintaqa ifadəsində deyib ki, görülən işlərə bu qədər vəsaitin silinməsi doğru deyil. Amma məhkəmədə belə ifadə vermədiyini deyib: "O fikirləri ifadə alanlar özləri yazıb. Yəqin ki, Maliyyə Nazirliyinin aktına istinad ediblər. Ancaq bizim heç birimiz Maliyyə Nazirliyinin yekun aktına atmamışıq. Çünki o aktı tərtib edənlər lift üzrə mütəxəssis deyil və vəsaitlər düzgün hesablanmayıb".

Təqsirləndirilən Ruslan Dilanov arayış verib ki, "Forma 2"-də yazılan məbləğlərdən əlavə də görülən işlərlə bağlı nağd ödəmələr də olub: "Elə olub ki, 3 ay ərzində 1000 ədəd lift quraşdırmalı olmuşuq. Gecə-gündüz işləmişik. Quraşdırma işlərinə kənardan əlavə briqadalar cəlb edilirdi və onlara nağd ödənişlər edirdik. Hər liftin üçün 1200 manat pul ödəyirdik".

Proses dekabrın 25-də davam etdiriləcək.

Zərərçəkmiş tərəf "Bakı Lift Təmir" İstehsalat Birliyidir.

Törətdiyi əmələ görə, ona qarşı CM-in 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.

Dilanov özünü qətiyyən təqsirli bilmir.

İlkin Muradov