BolgeXeber.Com » Xəbərlər » Bir ailənin Xocalıdan başlayan dramı: Ağdamın aslanları - Aslanov qardaşları...

Bir ailənin Xocalıdan başlayan dramı: Ağdamın aslanları - Aslanov qardaşları...

26-02-2020, 15:35
Oxunub: 7 796
Ağdam rayonu, Qarabağ problemi başlayan gündən Qarabağdan və ətraf rayonlardan ev-eşiklərini, iş yerlərini itirmiş soydaşlarımızın pənah gətirdikləri və güvəndikləri yeganə məkan idi

Bakıda hakimiyyət davasına baş qatıldığından, bu insanların problemləri ilə heç kim məşgul olmurdu. Onlara yeganə köməkliyi də ağdamlılar eləyirdilər. Evlərinə yerləşdirir, bacardıqları köməkliyi eləyir, son tikələrini onlarla bölüşürdülər. Ağdam beləcə 5 ildən artıq çətinliklərlə üz-üzə yaşadı.

Nəhayət, ermənilər 1991-ci ilin payız aylarında Dağlıq Qarabağda Şuşa və Xocalıdan başqa bütün azərbaycanlılar yerləşən kəndləri yandıraraq, əhalisini qıraraq, boşaltmağa nail oldular. Daxildən arxayın olan erməni yaraqlıları sərhədlərə yığılaraq, Dağlıq Qarabağa aid olmayan sərhəd kəndlərə təzyiq eləməyə və ardıcıl hücumlara başladılar. Təzyiqlərə məruz qalan ilk kəndlərdən biri də Ağdamın Şelli kəndi oldu.

Şellidə 1988-ci ildə Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin və şəxsən şöbənin sədri, rəhmətlik Eldar Bağırovun təşəbbüsü ilə yaradılmış dayaq dəstəsi 1991-ci ilin payızında rəhmətlik Şirin Mirzəyevin yaratdığı Ağdam Ərazi Özünü Müdafiə Batalyonunun tərkibinə keçdi.

Şelli kəndi strateji cəhətdən əlverişli yerdə yerləşdiyi üçün müharibə dövründə ən çox hücumlara məruz qalan kəndlərdən biri idi. Çünki ermənilər Şelli dağını ala bilsəydilər, Ağdam şəhəri ovucun içində qalırdı, bunu ermənilər də yaxşı başa düşürdülər. Əlverişli mövqeyi düşmənə verməmək üçün kəndin müdafiəsinə əlavə qüvvələr də cəlb olunmuşdu. Eldar Bağırov adına xalq cəbhəsinin igidlərindən ibarət batalyonu, rəhmətlik Fred Asifin başçılıq elədiyi İstehkam batalyonun, 836 cı polkun nəzdində olan, general Ərşadın başıılıq elədiyi batalyonun döyüşçüləri də bu kəndin müdafiəsində qəhrəmanlıqla iştirak eləyirdilər. Hətta 1992-ci ilin əvvəlində, kəndin müdafiəsi lazımı səviyyədə olmayanda, təzyiqlər o qədər güclü olurdu ki, bizim Xıdırlı dəstəsi də tez-tez Şellinin müdafiəsinə köməyə gedirdi.

Xocalı soyqırımı zamanı xocalılıların özlərini qurtarmaq üçün çatdırmaq istədikləri ən yaxın kənd də Şelli olub. Ermənilərin guya dinc əhalinin çıxması üçün açdıqları "kolidor”un sonunda, xocalılıların ən çox həlak olduqları yer də məhz Şelli kəndinin yaxınlığında olub. Bu hadisədən ilk duyuq düşən və xocalılıları xilas eləmək üçün postda duran əsgərlərimizin köməyinə gedən məhz Şelli camaatı və Şelli rotasının igidləri idilər.

Səhər açılan kimi Ağdamda olan bütün hərbi qüvvələr, başda Qatır Məmmədin batalyonunun igidləri ilə bərabər xocalılıları xilas eləmək üçün Əsgəran istiqamətində hücuma keçdilər. Bu hücumun sayəsində yaralıların, meyitlərin və yüzlərlə sağ olan xocalılıların düşmən əhatəsindən xilas olması təmin edildi. Xocalılıların xilası üçün olan bu ağır döyüşdə Qatır Məmmədin oğlu, Azərbaycanın Milli Qəhrəmanı Canpolad da başda olmaqla, Ağdamın onlarla oğulları yaralandılar və ya şəhid oldular. Ağdamın igidləri öz canları, qanları hesabına yüzlərlə Xocalı sakinini ölümün pəncəsindən almağa nail oldular.

Sovetlər dövründə Şelli kəndində yaşayan yüzlərlə ailələrdən biri də Kazım Aslanovun ailəsi idi. Bu məqaləmdə məqsədim oxucuları Qarabağ müharibəsində bu ailənin yaşadığı müsibətlərlə və faciələrlə tanış etməkdir.

Aslanov qardashlari.jpg (51 KB)

Kazım kişi kəndlərində olan üzümçülük sovxozunda mühasib işləyirdi. Dörd qız və dörd oğuldan ibarət böyük bir ailəsini qazandığı halal zəhmətlə bir təhər idarə eləyir, onları torpağa və vətənə bağlı övladlar kimi yetişdirirdi. Kazım kişi çalışırdı ki, övladları müxtəlif peşə sahibləri olsunlar və hər kəs öz sahəsində xalqa xeyir versin.

Kazım kişinin 1950-ci ildə anadan olan böyük oğlu Vidadi, orta məktəbin 8-ci sinfini bitirdikdən sonra avtomabil üzrə mütəxəssis olmaq üçün Ağdamda 50 saylı Texniki Peşə məktəbinə qəbul olur. Təhsilini bitirdikdən sonra hər bir sovet gənci kimi əsgəri xidmətə cağrılır və Belarusiya Respublikasında xidmətini çəkir. Vidadi xidmətini müvəffəqiyyətlə başa vuraraq, serjant rütbəsində vətənə qayıdır.

Əsgərlikdən gələndən sonra Vidadi sürücü işləyir, bir müddətdən sonra ev-eşik sahibi olur. Vidadi Sevda xanımla qurduqları xoşbəxt ailədə üç övlad sahibi olur. Onlar böyük sevinclə oğulları Ceyhun, Ruslan və Ziyanı böyüdürlər.

Kazım kişinin ortancıl oğlu olan Xəqani 1955-ci ildə dünyaya göz açır. Xəqani orta məktəbi Şellidə bitirdikdən sonra atasının sənətini davam etdirmək arzusuyla Şuşa şəhərində Plan-uçot texnikomuna daxil olur. Texnikomu bitirdikdən sonra doğma kəndlərindəki "Şelli" sovxozunda mühasib işləyir. Az keçmir Xəqani əsgəri xidmətə çağrılır. Əsgəri xidmətini Murmansk şəhərində müvəffəqiyyətlə başa vuraraq, serjant rütbəsində evə qayıdır. Əsgərlikdən gələndən sonra Xəqani doğma məktəblərində hərbi-hazırlıq müəllimi işləməyə qərar verir. Bir müddət işlədikdən sonra ailə quraraq dörd oğul sahibi olur. Xoşbəxt ailə böyük həvəslə övladları Sadiq, Cəsarət, Müsəvi və Səmədin tərbiyəsi ilə məşğul olur və onların vətənə layiqli övladlar kimi böyüməsinə çalışırlar.

Kazım kişinin üçüncü oğlu Hasil 1966-cı ildə anadan olur. Orta məktəbi kəndlərində bitirən Hasil tikinti mühəndisi olmaq arzusu ilə yaşayır. Atasının tövsiyəsi ilə kəndlərinə körpü salmağı, yol çəkməyi qarşısına məqsəd qoyur. Hasilin də həyat yolu, böyük qardaşları kimi əsgərlikdən başlayır. Əsgəri xidmətini İrkutsk vilayətində müvəffəqiyyətlə başa vuraraq, Hasil 1989-cu ildə vətənə qayıdır. Onun 1987-ci ildə qoyub getdiyi kəndlərində sanki həyat donub qalmışdı. İnsanların üzündə artıq əvvəlki sevinc hiss olunmurdu, sanki hamı narahat və təlaş içində idi. Respublikanın 2 ildə yaşadığı Qarabağla əlaqədar hadisələr, insanların həyatına öz təsirini göstərirdi. Həllini tapmayan problemlər günü-gündən artaraq insanları məyyusluğa sürükləyirdi. Ancaq belə bir ağır vəziyyətdə də Ağdam və ağdamlılar həvəsdən düşmür, yaşayır və yaradırdılar.

Hələ 1988-ci ildə Ağdamda təməli qoyulmuş Xalq Cəbhəsinin Eldar Bağırovun başçılıq elədiyi Ağdam rayon şöbəsinin və İmarətdə fəaliyyət göstərən Fred Asifin başçılıq elədiyi Haqq cəbhəsinin üzvlərindən təşkil olunmuş dayaq dəstələri, ermənilərlə həmsərhəd olan kəndlərdə dinc əhalinin əsayişini qoruyurdular. Vəziyyət 1991-ci ilin yayından kəskinləşməyə başladı. Artıq hər kəs müharibənin labüd olduğunu və tezliklə başlayacağını yaxşı başa düşürdü.

Tale 1991-ci ilin payızında xalqımızın qəhrəman oğlu Şirin Mirzəyevi Ağdama gətirdi. Ş.Mirzəyev şəxsən Eldar Bağırovun dəvətilə Ağdama gəlir və vəziyyətlə tanış olur. Əksəriyyəti xalq hərəkatına qoşulmuş könüllülərdən ibarət batalyon yaratmaq qərara alınır. Tezliklə Ağdamın say- seçmə oğullarının bir hissəsi bu batalyona toplanır. Az müddət ərzində toplanan batalyona sentyabr ayında 50 saylı texniki-peşə məktəbinin stadiyonunda baxış keçirilir. 1991-ci ilin oktyabr ayının əvvəlində Ağdam Ərazi Özünümüdafiə batalyonu kimi Müdafiyə Nazirliyində qeydiyyatdan keçir və batalyonun bir hissəsi əvvəlcə Çullu kəndində təlimlərə başlayır, sonra isə Xaçınstroyda texniki-peşə məktəbinə yerləşdirilir.

Ağdamın ermənilərlə sərhəd olan kəndlərindəki dayaq dəstələri batalyona qoşularaq onun əsas qüvvəsini təşkil edir. Onlardan biri də Şelli dayaq dəstəsi olur və bu dəstəyə Xəqani Aslanov başçılıq edir. Yenicə silahlanmış dəstə ermənilərlə üz-üzə olan kəndlərinin müdafiəsində aktivləşir. Aslanov qardaşlarından üçü - Vidadi, Xəqani və Hasil bu dəstədə ilk silaha sarılanlardan olurlar.

Xocalı soyqırımı baş verən gecə ilk haraya çatanlardan biri də Şelli dəstəsi olur. Xəqani öz dəstəsi ilə Qara Qayanın yanından keçərək Əsgərən istiqamətində, xocalılıların fəryad elədikləri istiqamətdə irəliləyirlər. Ermənilərin arxadan atdıqları atəşdən qorunmaq üçün insanlar topa-topa imkan tapdıqları yerlərdə gizlənmişdilər. Onların köməyə çağırış səsi, yaralıların fəryadına qarışmışdı. Az müddətdə onlarla adamı toparlayıb, yaralı və meyitləri götürərək güllə altından çıxarmaq onlara nəsib olur. Xəqani tabeçiliyində olan əsgərlərinə çayın qırağındakı kolluqlarla Ağdama tərəf getmələrini əmr edir. Cəsur komandir tək qalmasına baxmayaraq, çay yuxarı xocalılıların axtarışını davam etdirməyi qərara alır. Xəqaninin yoldaşları o gecə komandirlərinin göstərdiyi qəhrəmanlıqları və darda olan millətinin köməyinə yüyürən vətən oğlunun, qaranlıqda yoxa çıxan siluetini yaxşı xatırlayırlar. O gecə Xəqaninin axır gedişi oldu, hələ də nə öldüyündən, nə də sağ olduğundundan bir xəbər yoxdur...

Vidadi, Hasil və Sabiq isə ürəklərində qardaş dağı ilə mübarizələrinə davam eləyirlər. Onlar ordumuzun 1992-ci ilin yaz-yay aylarında keçirdikləri müvəffəqiyyətli hücum əməliyyatlarında iştirak edərək Naxçıvanik, Aranzəmin, Dəhraz və Ağbulaq kəndlərinin ermənilərdən azad edilməsində rəşadətlə vuruşmuşlar.

1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələrində, "ağıllı" respublika rəhbərləri Ağdamda olan ağır silahları, o cümlədən tankları, topları, qrad qurğularını Gəncəyə çəkib aparmışdılar. Ağdamlılar ölüm-dirim savaşında olduqları zaman Bakıda hələ də hakimiyyət davası gedirdi. Ağdam cəbhəsində igidlərimiz düşmənin qarşısında demək olar ki, yalın əllə qalmışdılar. Çünki bizim əlimizdə olan avtomatlar, başını itirmiş komandirlərimiz və təpədən dırnağa qədər silahlanmış düşmən qarşısında bir əl ağacından başqa bir şey deyildi. Bu vəziyyətdən istifadə eliyən düşmən bütün cəbhə boyunca hücumlarını gücləndirdi. Qarabağla sərhəd olan kəndlərimiz bir-birinin ardınca işğal olunmağa başladı. Strateji cəhətdən əhəmiyyət kəsb edən yüksəkliklər əldən çıxdı. Bakı öz problemlərini çözən zaman əli yalın xalq düşmən qabağında çətin vəziyyətdə qalmışdı. İşqal olunmuş kəndlərin camaatı bütün respublikaya səpələnmişdi, artıq ilk dəfə əsil xaos başlamışdı. Dədə-baba torpaqlarını elə-belə düşmənə təslim etməyən igidlərimiz son nəfəslərinə qədər düşmənə müqavimət göstərirdilər. Ağdamın ən çox şəhid və yaralı verdiyi elə bu zaman olmuşdur. İki il düşmənə mərdliklə sinə gərən Şelli cəbhəsi yarıldı, 1993-ci il iyul ayının 22-də artıq düşmən Ağdama tərəf irəliləməyə başladı. Şelli uğrunda gedən ağır döyüşlərdə Hasil Aslanov qəhrəmancasına şəhid olur. Onunla çiyin-çiyinə döyüşən böyük qardaşı Vidadi qardaşının meyitini güllə altından çıxararaq Qar-Qar çayını keçməyə çalışır. Lakin yağı gülləsi Vidadiyə macal vermədən onun həyatına son qoyur. Beləcə bir gündə iki qardaş, iki vətən oğlu qəhrəmancasına şəhid olurlar. Yoldaşları Aslanov qardaşlarının cansız bədənlərini bir təhər güllə altından çıxartmağa nail olurlar. Qəhrəman qardaşlar səhəri gün, 23 iyulda Ağdam işğal olan gün Ağcabədinin Hindarx kəndinin qəbristanlığında torpağa tapşırıldılar.

Aslanov qardaşları döyüşən zaman onların kiçik qardaşları Sabiq də hər zaman qardaşlarının yanında olar, əlindən gələn köməyi eləyərdi. Sonradan o da Qarabağ döyüşlərinin iştirakçısı olur və yaralanır. Müharibədən sonra da Sabiq evlənmir və başını götürüb uzaqlara gedərək, uzun müddətdir ki, Moskva şəhərində yaşayır.

Aslanovlar ailəsi müharibədən sonra Bakıya köç eləyirlər və hazırda Binəqədi rayonunda yaşayırlar. 2001-ci ildə ailə başçıları, oğlanlarının dərdinə və ondan da ağır vətən həsrətinə dözməyən Kazım kişi dünyasını dəyişir. 25 ildir ki, şəhid qardaşların yetim balaları min bir zülümlə, məşəqqətlə böyüyüb, yaşayırlar. Ataları uğrunda can qoyduqları bu vətənin səlahiyyətli orqanlarının və başları ciblərini doldurmağa qarışmış dövlət məmurlarının bu ailədən xəbəri belə, olmayıb. Hətta bu azmış kimi, valideyinlərinin əziz xatirəsini yaşatmaq, onların iyini nədənsə almaq üçün, öz xərcləri ilə şəxsi torpaqlarında ucaltdıqları abidəni uçurub, məhv eləməyə çalışırlar. Abidənin yaranmasının əsas təşəbbüsçüsü olmuş Xəqaninin ortancıl oğlu Cəsarət abidə ucaldılan günün səhəri işlədiyi idarədən qovulur və işini itirir. Budurmu şəhidə və onun ailəsinə verilən qiymət, qoyulan hörmət?

Əmilərinin və atası Xəqaninin Qarabağda keçdikləri şanlı döyüş yolları və göstərdikləri qəhrəmanlıqlar barədə məlumatları o vaxt 13 yaşı olan Cəsarət verdi. O, Aslanov qardaşlarının xatirə abidəsinin yaranmasında dövlət orqanlarının vicdansızlığından ürəkağrısı ilə danışsa da, bu işdə ona yaxından kömək eləyən müharibə veteranlarına və qazilərimizə təşəkkürünü bildirdi. Qarabağ döyüşlərində xüsusi xidmətləri olmuş komandirlərdən olan Xətai Baxışovun yardımını da ayrıca vurğuladı.

Aslanov qardaşları ilə bir yerdə döyüşmüş igidlərimizdən onlar haqqında daha geniş məlumat vermələrini xahiş edirəm. Qəhrəmanlarımızın həyatlarına son qoyan ölümlərindənsə, onların həyatda necə yaşadıqlarından, torpağa və vətənə olan sevgilərindən yazsalar, daha yaxşı olardı. Axı onlar qurub-yaratmaq üçün yaranmış insanlar idilər...

Vətən və xalq yolunda şəhid olmuş Aslanov qardaşlarına Allahdan rəhmət diləyirəm, onları Vətənə bəxş eləyən valideynlərinin ruhları qarşısında baş əyirəm.

Elburus Ağdamlı