BolgeXeber.Com » Xəbərlər » Bakı şəhər prokurorluğu təkzib edir

Bakı şəhər prokurorluğu təkzib edir

25-04-2020, 10:14
Oxunub: 1 096 "Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən paytaxtın Binəqədi rayonu ərazisində qəsdən adam öldürmə cinayətinin iştirakçısı olmuş şəxslərin guya cinayət məsuliyyətindən azad olunmalarına dair əsassız məlumatlar yayılıb.
Bu barədə Bolgexeber.com-a Bakı Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur:
"Belə ki, 2019-cu il mayın 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılıb.
Həsən Tağıyev 10 may 2019-cu il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddə ilə ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayətin digər iştirakçısı 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulmuş və Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə ittiham elan olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqın gedişində Həsən Tağıyevə elan olunmuş ittiham dəyişdirilərək ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yenidən ittiham elan edilib.
Aparılan istintaq zamanı Emin Səfərovun qəsdən öldürülməsində Həsən Tağıyev və Zaur Yusifovdan başqa hər hansı şəxs və ya şəxslərin iştirakı müəyyən edilməyib.
Belə ki, istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilib ki, 1958-ci il təvəllüdlü Əli Yusifovun oğlu Zaur və Həsən Tağıyevlə mərhum Emin Səfərov arasında olan münasibətlərdən məlumatı olmuş və tərəflər arasında barışıq olması üçün dəfələrlə səy göstərib. Mayın 9-da saat 23:20 radələrində yaşadığı evə gedərkən Emin Səfərovu Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın yaxınlığında “BMW X5” markalı avtomobilin sükanı arxasında görmüş və avtomobilə əyləşərək ondan aralarında olan ədavətə son qoyulmasını xahiş edib. Bu zaman Zaur və Həsən avtomobilə yaxınlaşaraq Emin Səfərova bıçaq zərbələri vurub. O, münaqişənin qarşısını almaq istəyərkən özü də sağlamlığa yüngül zərərvurmaya aid bıçaq xəsarəti almış və yaşadığı evə gedərək daha sonra tibbi yardım almaq üçün oğlu Zamin Yusifov tərəfindən xəstəxanaya aparılıb.
İstintaq zamanı həmçinin Zaur Yusifovun qardaşı 1988-ci il təvəllüdlü Zamin Yusifovun cinayət hadisəsində hər hansı iştirakı müəyyən edilməyib. Belə ki, mobil telefon danışıqları barədə məlumatlar əsasında hadisə baş verən vaxtı sonuncunun başqa ərazidə olması müəyyən edilməyib. Eyni zamanda materialların məhkəmə (lifli) ekspertizasının rəyinə əsasən Emin Səfərova məxsus geyimlərdə Zamin Yusifovun geyimlərinə məxsus lif mikrohissəcikləri aşkar olunmayıb.
Əli Yusifovun nəvəsi yetkinlik yaşına çatmayan Vüqar Ramazanovun istifadə etdiyi mobil telefon nömrəsinin anten dairəsi ilə bağlı məlumatlara əsasən hadisə vaxtı və sonra onun cinayət hadisəsinin baş verdiyi ərazidə olmaması və cinayət hadisəsində hər hansı bir iştirakı müəyyən edilməyib.
Cinayət işi başlandıqdan qısa müddət sonra Emin Səfərovun anası Məlahət Səfərova iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tanınmaqla istintaq zamanı prosessual hüquqlarının həyata keçirilməsi təmin edilmiş, istintaqın gedişində zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də onun müdafiəçisinin qaldırdıqları bütün vəsatətlərə baxılmış, göstərdikləri hər bir xüsusat yoxlanılmaqla onlara ətraflı şəkildə məlumat verilib.
İş üzrə istintaq tamamlanaraq 16 mart 2020-ci ildə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib".