BolgeXeber.Com » Xəbərlər » Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, barama saxlanılan məntəqələrdə oldu

12-05-2020, 10:01
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonu ərazisində karantin rejimi çərçivəsində qabaqlayıcı tədbirlər, sosial izolyasiya işləri ardıcıl və sistemli şəkildə davam etdirilir. Bununla yanaşı aqrar rayon olan Füzulidə kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Rayonda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, Füzuli rayonu ərazisinin böyük bir hissəsi işğal altında olmasına baxmayaraq 10 ildir ki, respublikada 100 min tondan artıq taxıl istehsal edən rayonlardan biridir. Füzulidə 2019-2020-ci təsərrüfat ilində də 37 min hektardan artıq sahədə payızlıq əkin aparılıb, taxıl sahələrinə aqrotexniki qulluq göstərilib, zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib, taxıl sahələrində bol məhsul yetişdirilib. Taxıl biçininə qısa müddət qaldığı nəzərə alınaraq taxıl yığan kombaynlar və digər texnikalar hazır vəziyyətə gətirilib.
Rayonda kənd təsərrüfatının digər sahələrindən olan şəkər çuğunduru, pambıq əkini başa çatdırılıb, bostan-tərəvəz məhsullarının əkini isə davam edir. Füzuli rayonunda əhali xüsusilə ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığa xüsusi maraq göstərirlər. İpəkqurdu bəsləyərək qısa müddətdə yüksək gəlir əldə edən Füzulili kümçülər bu il 1250 qutu ipəkqurdu toxumu götürüblər. Rayonun müxtəlif yaşayış məntəqələrində ipəkqurdu bəslənilməsinə ümumilikdə 6 min nəfərə yaxın məcburi köçkün cəlb olunub. Hazırda rayonda ipəkqurdu becərilməsinin ən qızğın dövrüdür.
Bu məqsədlə Rayon İcra Hakimiyyətinin başçısı AlıAlıyev rayonun Böyük Bəhmənli, Araz Yağlıvənd, Mahmudlu-1, Kürdmahmudlu, Alıxanlı kəndlərində və digər yaşayış məntəqələrində olub, kümçülərə öz tapşırıq və tövsiyələrini verib.
İpəkqurdu bəsləyərək qısa müddətdə yaxşı gəlir əldə edən füzulili kümçülər 2016-cı ildə 3070 kq, 2017-ci ildə 24320 kq, 2018-ci ildə isə 38 ton, 2019-cu ildə isə 49.5 ton yaş barama isehsal ediblər. Təkcə 2019-cu ildə ipəkqurdu saxlayan füzulili kümçülər 450 min manata yaxın vəsait əldə etmişlər. İstehsal olunan məhsulun pulu kümçülərə plastik kartlar vasitəsilə ödənilmişdir. Füzulili kümçülər cari ildə isə 50 tondan artıq yaş barama istehsal edərək bir aya yaxın müddətdə 600 min manata yaxın pul qazanmağı qarşılarına məqsəd qoyublar. Ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafı ilə həm rayon sakinlərinin məşğulluğu təmin olunur, həm də bu sahələrdən yüksək qazanc əldə edərək sosial rifah halları yaxşılaşdırılır.
Rayon ərazisində barama qəbulu məntəqəsinin tikintisi də davam edir. Məntəqənin istifadəyə verilməsi ilə Füzulidə bu gəlirli sahə daha da inkişaf edəcək, kümçülər istehsal etdikləri yaş baramanı heç bir əziyyət çəkmədən və vaxt itirmədən həmin məntəqəyə təhvil verəcəklər.
Füzulililər Prezident cənab İlham Əliyevin qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin davamlı inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin iqtisadiyyatımızın möhkəmlənməsinə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini yaxşı bilirlər və Ulu öndərlə başlanan bu dəst-xəttin cənab Prezidentin səyləri ilə dönmədən həyata keçirilməsini yüksək qiymətləndirirlər.
Bolgexeber.com