BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

18-06-2020, 09:58
Oxunub: 2 258 Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
2019/2020-ci tədris ili üçün aşağıdakı kateqoriyalar üzrə buraxılış imtahanları keçiriləcək:
1. Tam orta təhsil səviyyəsi üzrə (11 illik) - Bakı şəhərinin Qaradağ rayonu, Lənkəran şəhəri, Ağdam, Beyləqan, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Lerik, Sabirabad, Salyan, Tovuz rayonları.
2. Ümumi orta təhsil səviyyəsi üzrə (9 illik) - Sumqayıt şəhəri, Ağdaş, Göyçay, Qobustan, Qax, Xaçmaz, Zaqatala rayonları.
3. Əvvəlki illərin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə - Bakı şəhərinin Xətai rayonu.
İyunun 18-də keçiriləcək imtahanlarda 24312 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Qeyd edək ki, ümumilikdə 18-19 iyun tarixlərində respublikanın 38 şəhər və rayonunda keçiriləcək imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 10 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.
18-19 iyun tarixlərində imtahanların keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 209 imtahan binası, 3443 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 209 ümumi imtahan rəhbəri, 559 imtahan rəhbəri, 4474 nəzarətçi–müəllim, 418 buraxılışı təşkil edən əməkdaş, 209 bina nümayəndəsi ayrılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir.