BolgeXeber.Com » Xəbərlər » Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi

Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi

2-07-2020, 13:55
Oxunub: 3 340

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
 Bolgexeber.com xəbər verir ki, sənədə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.
Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.
Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə olunurdu.
Sənədə əsasən, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.
Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
İndiyədək isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilirdi.
Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
İndiyədək işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə olunurdu.