BolgeXeber.Com » Xəbərlər » Sərt karantindən sonra çimərliklər açılacaqmı: “Virusa yoluxanların sayı azalmasa...”

Sərt karantindən sonra çimərliklər açılacaqmı: “Virusa yoluxanların sayı azalmasa...”

29-07-2020, 19:00
Oxunub: 2 626 Qızmar yayın ikinci ayını da yola salmağa hazırlaşırıq. Lakin koronavirus epidemiyası səbəbindən avqustun 5-i saat 06:00-dək sərt karantin rejimi davam edəcək. Bir çox sahənin fəaliyyətinə məhdudiyyətlər qoyulduğu kimi çimərliklərdən istifadə də qadağan edilib. İnsanları ən çox maraqlandıran məsələlər isə rayonlara gediş-gəlişin və çimərliklərə qoyulan qadağaların aradan qaldırılıb-qaldırılmayacağıdır.
Çünki virusun ən çox yayıldığı ölkələrdə həyat əvvəlki axarına düşüb. Artıq futbol çempionatları bərpa olunub. Bir çox ölkələrdə daxili və xarici turizm canlanıb, turist qəbuluna başlanıb. Türkiyə və başqa ölkələrdə çimərliklər istifadəyə verilib.
Çimərliklərin Azərbaycanda yenidən açılmasına gəldikdə, bir müddət öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, çimərliklər açılarsa, koronavirusla mübarizədə əldə edilmiş nailiyyətlər itirilə bilər:

“Koronavirus bir müharibədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılmasına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik”.
Onun sözlərinə görə, çimərlikdə məsafə saxlamaq çətindir, eləcə də çimərliyə gedəndə insanların eyni yerdən su, yemək alması yoluxma riskini artırır:
“Üçüncü risk isə odur ki, çimərliyə insanlar bir ərazidən deyil, Bakının hər bir hissəsindən gedirlər ki, bu da yoluxmanı yaya bilər. Avqustun 5-dək biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirə bilərik, növbəti mərhələdə bu barədə düşünüləcək”.
Bəs avqustun 5-dən sonra çimərliklərlə bağlı vəziyyət necə olacaq?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, çimərliklər barədə hələlik qərar yoxdur. Avqustun 5-ə kimi hər hansı qərar qəbul edilsə, ictimaiyyətə açıqlama veriləcək.
Həkimlər isə günəş şüalarının, dəniz havasının, suyunun insan orqanizminə faydalı olduğunu bildirir.
Bəs çimərlik mövsümü açılarsa, koronavirus infeksiyasından necə qorunaq?
Mövzu ilə bağlı Musavat.com-a danışan ölkənin baş infeksionisti Cəlal İsayev bildirib ki, virusa yoluxanların sayı azalmadıqca çimərliklərin istifadəyə verilməsi doğru deyil:

“Çimərliklərin istifadəyə verilib-verilməməsi müzakirə olunur. Lakin hələ qərar vermək tezdir. Sərt karantin rejiminin bitməsinə 1 həftə var. Dünən yoluxanların sayı 400-dən çox idi. Bu vəziyyətdə çimərlikləri istifadəyə vermək yoluxmanı artırmaqdır. Yoluxma sayında azalmalar müşahidə edilərsə, çimərlikləri istifadəyə vermək olar”.
Adil Qeybulla isə saytımıza açıqlamasında qeyd edib ki, sudan koronavirusa yoluxma ehtimalı yoxdur:

“Dəniz böyükdür, suyu duzludur. Virusun dəniz suyunda qala bilməsi real deyil. Ümumiyyətlə, dəniz suyu və günəş şüalarının insan orqanizminə müsbət təsiri çoxdur. Ultrabənövşəyi şüaların birbaşa düşdüyü məkanlarda virus təhlükəsi azalmağa başlayır. Həm də dəniz, günəş insanın stressini azaldır. Qaydalara əməl edərək çimərlikləri istifadəyə vermək olar”.
Könül İbrahim