BolgeXeber.Com » Xəbərlər » Karantin qaydalarına təsir edən testlər keçiriləcək - Evlərə zəng edib...

Karantin qaydalarına təsir edən testlər keçiriləcək - Evlərə zəng edib...

13-08-2020, 15:57
Oxunub: 2 144 Ümumdünya Səhiyyə Təşkilatının ən son məlumatına əsasən dünyada bu vaxtadək 20 milyondan çox insanın koronavirus testi pozitiv çıxıb. Amma bu, sadəcə, test edilən insanların sayıdır. Yüzlərlə, bəlkə də, minlərlə insan koronavirusu simptomsuz keçirib. Onların sayını isə müəyyənləşdirmək hələlik mümkün olmasa da, bunun öyrənilməsi məqsədilə müxtəlif ölkələrdə seroloji testlər həyata keçiriləcək.

Koronavirusa görə son zamanlar seroloji test sözünə daha çox rast gəlinir. Seroloji test üçün müraciət olunan xəstələr, əsasən, "seroloji test nədir? necə götürülür? Bunda məqsəd nədir? suallarına cavab axtarırlar.


Seroloji test adı verilən anticism testi qan analizi götürülən şəxsdə viruslara yoluxduqdan sonra bədəndə qoruyucu zülalların yaranıb, yaranmamasının, yaranıbsa da, miqdarının müəyyənləşdirilməsi prosesidir.

Anticisim testləri əsasən, xüsusi mikroorqanizmə qarşı formalaşan immuniteti dəyərləndirmək, infeksiyanın öyrənilməsi, allergiya, hepatit, HİV, qaraciyər xəstəlikləri, frengi, lupus, tiroid və ya otoimmun pozuntularından yaranan problemləri müəyyənləşdirmək məqsədi ilə həyata keçirilir.

Bir çox ölkələrdə pandemiya səbəbi ilə alınan qabaqlayıcı tədbirlərin aradan götürülməsi və ikinci dalğanın yayılmasına mane olmaq məqsədi ilə bu xəstəliyə qarşı immuniteti yaranan şəxslərin müəyyənləşdirilməsi prosesi başlayıb.

Azərbaycanda da qısa zamanda seroloji testlər həyata keçiriləcək. Testlər hamıdan yox, təsadüfi seçilmiş əhali qruplarından götürüləcək. Burada könüllülük prinsipi əsas tutulacaq. 

Azərbaycanda da keçiriləcək seroloji testlərin məqsədi son zamanlar dünyanı cənginə alan koronavirusa qarşı əhalidə immunitetin yaranma vəziyyətini öyrənməkdir. Bu testlər əsasında nə qədər insanın əvvəldən bu xəstəliyi keçirməsi müəyyən ediləcək. Həmçinin, əhalinin nə qədər hissəsinin bu virusa yoluxduğunu bilmək mümkün olacaq. Bundan əlavə, bu test prosesi və nəticələri gələcəkdə karantin rejiminin sərtləşdirilməsi, yumşaldılması ilə bağlı qərarlara da öz təsirini göstərə bilər.

Tədqiqatların ilkin mərhələdə Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılması planlaşdırılır. Təsadüfi seçilmiş şəxslərə çağrı mərkəzindən zəng ediləcək. Testdən keçməyə razılıq vermiş şəxsin evinə yaşadığı ərazi üzrə poliklinikadan xüsusi təlim keçmiş tibb bacısı göndəriləcək. Müayinə üçün venadan cəmi 3-5 ml qan nümunəsinin alınması kifayətdir.

Qeyd edək ki, formalaşmış immunitetin bədəndə qalmasının müvəqqəti olma ehtimalına görə seroloji testlərin ən qısa müddətdə aparılması və nəticələrin əldə olunması zəruridir.
 
milli.az