BolgeXeber.Com » Xəbərlər » Dövlətimiz bu cəzalandırma ilə cəmiyyətə mesaj verdi

Dövlətimiz bu cəzalandırma ilə cəmiyyətə mesaj verdi

23-08-2020, 17:18
Oxunub: 3 547 Artıq bir neçə gündür ki, ölkədə böyük rezonans doğuran bu toy mərasiminə görə təşkilatçıların cəzalanmasını müsbət dəyərləndirirəm.

Bolgexeber.com  xəbər verir ki, bu sözləri mediaya açıqlamasında millət vəkili Malik Həsənov sabiq millət vəkili İlham Əliyevin (akademik, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni) bağ evində övladına toy mərasimi keçirməsi və buna görə inzibati qaydada 15 sutka həbs olunmasına münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, ölkədə koronavirusa yoluxma sayı azalsa da, müəyyən məhdudlaşdırıcı tədbirlər hələ də qüvvədədir:

“Bu məhdudlaşdırıcı tədbirlər içərisində kütləvi mərasimlərin təşkili birinci yerdədir. Təsadüfü deyil ki, Məhərrəmlik olmasına baxmayaraq, Aşura mərasimlərinin keçirilməsi üçün məscidlərin açılmaması qərarı qüvvədə saxlanıldı. Onu da xüsusi vurğulayım ki, dinin dövlət siyasəti səviyyəsində olduğu və dövləti din xadimlərinin idarə etdiyi İran kimi ölkədə belə Aşura mərasimlərinin məscidlərdə keçirilməsi qadağan edildi və məscidlər açılmadı. Yəni koronavirus pandemiyasının qarşısının alınması üçün kütləvi tədbirlərin qadağan olunması vacibdir. Toy, yas mərasimləri pandemiyanın alovlanması üçün münbit şərait yarada bilər. Ona görə də bu tədbirlərin keçirilməməsi haqda Operativ Qərargahın qəbul etdiyi qərara hamı qeyd-şərtsiz riayət etməlidir”.

Millət vəkili qeyd edib ki, məlum toy mərasimində sabiq və hazırkı bəzi məmurların iştirakı təəssüfedicidir:

“Çünki dövlətin qəbul etdiyi qərarların mütləq icra olunması vacibliyini onlar hamıdan daha gözəl bilir. Bu baxımdan hesab edirəm ki, qanunun kobud surətdə pozulmasından dolayı mənəvi məsuliyyət də daşıyırlar. Bu toy mərasimi cəmiyyətdə ona görə bu qədər böyük səs-küyə, geniş müzakirələrə səbəb olub ki, orda akademiklər, ziyalılar, bəzi sabiq və hazırkı məmurlar iştirak ediblər. Bu, yolverilməzdir və cəmiyyətdə haqlı narazılıq yaradır. Qanunları pozan şəxslərin dərhal və ən sərt şəkildə cəzalandırılması vacib idi. Cənab Prezidentimiz İlham Əliyev hər zaman vurğulayır ki, heç kəs toxunulmaz deyil, heç kəs özünü qanundan üstün saya bilməz. Azərbaycan hüquqi dövlətdir və hamı qanun qarşısında məsuliyyətini dərk etməlidir”.

M.Həsənov qanunlara ilk növbədə dövlət məmurlarının, ziyalıların, millət vəkillərinin əməl etməsi gərəkdiyini bildirib:

“İlk növbədə qanunları qəbul edənlər və onun icrasına nəzarət edənlər qaydalara uyğun davranmaqla nümunə olmağı bacarmalıdırlar. Məmurların, ziyalıların, millət vəkillərinin cəmiyyət qarşısında da, dövlət qarşısında da təkcə hüquqi deyil, mənəvi məsuliyyəti də var. Bəlkə də adi insanlar qanunları pozmağa cəhd edərkən onun mahiyyətini dərk etmirlər. Ancaq konkret danışdığımız mövzuda - o toya toplaşanlar bu qadağaların mahiyyətini və kütləvi toplaşmanın koronavirus pandemiyasının yayılmasına necə təsir etdiyini çox yaxşı anlayırlar. Bu baxımdan onlar daha ciddi şəkildə qaydaları qorumağa və bu yöndə təbliğat aparmağa məsuldurlar. Hesab edirəm ki, təşkilatçıların qanunun imkan verdiyi ən sərt şəkildə cəzalanmasının səbəbini burda axtarmaq lazımdır. Yəni qadağanın səbəbini bilən şəxslərin onu pozmasına qarşı qanun daha sərt şəkildə özünü göstərdi”.

Millət vəkili sonda bu cəzalandırmanın çox ciddi təsiri olacağına, qanun qarşısında hər kəsin bərabər olduğu haqda cəmiyyətə müsbət bir mesaj verildiyinə və kütləvi tədbirlərin keçirilməsi cəhdlərinin önünə ciddi sədd çəkdiyinə inandığını qeyd edib.