BolgeXeber.Com » Xəbərlər » Ağdama səfər... VİDEO

Ağdama səfər... VİDEO

29-12-2020, 09:56
Oxunub: 3 688 "Report"un çəkiliş qrupu müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən Qarabağın dilbər guşəsi olan Ağdam rayonuna səfər edib.
Şəhərə girər-girməz ilk dayanacağımız yer Ağdamın Cümə məscidi oldu. Bu abidəni 1868-1870-ci illərdə bu dövr Qarabağ memarlığının aparıcı sənətkarı memar Kərbəlayi Səfi Xan Qarabaği inşa edib. Məscid ermənilər tərəfindən işğal edildiyi dövrdə çox ciddi dağıntılara məruz qalıb. Məscidin minarələri daxildən tamamilə sökülmüş, tavanı bir neçə yerdən uçurdulmuş, daxili tərtibatı, dizayn və divar yazıları pozulmuş, hücrələri və yardımçı otaqları uçurdulmuş, kommunal və kommunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınmışdır. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilmiş, daxili və xarici divarları üzərində erməni və rus dillərində Azərbaycan xalqına və millətinə qarşı alçaldıcı və təhqiredici ifadələr və sözlər yazılmışdı. İşğal dövrü ermənilər Məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə edirdilər. Nəhayət, 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Prezident, Ali Baş Komandan İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdama səfər edərkən, ilk növbədə, Cümə məscidində oldular. Hətta cənab Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı.
Daha yolumuza davam edərək şəhərin mərkəzinə və digər ərazilərinə hərəkət etdik. Yolboyu azad edilən ərazilərdə erməni vəhşiliyinin izlərini bir daha gördük. Sözün həqiqi mənasında erməni vandalları Ağdamda daşın üstünə daş qoymamışdılar. Təəssüflər olsun ki, təhlükəsizlik baxımından bəzi yerlərə gedə bilmirdik. Çünki minalanmış ərazilər var idi. Ancaq yağı düşmən tərəfindən xaraba gününə qoyulan, gözü yaşlı Ağdam sanki sevinirdi. Çünki torpağına balası gəlirdi, torpağında balası xidmət edir, o artıq yiyəsiz deyil.
Daha sonra Ağdamda rəşadətlə xidmət edən hərbçilərimizlə görüşə yollandıq. Havanın soyuq olmasına baxmayaraq, qarşımda qalib Ordunun qalib əsgərləri dik, əzəmətli, qürurla dayanmışdı. Əsgərlərlə fərdi söhbət etdik və onların hər biri Ağdamın işğaldan azad olunmasında pay sahibi olduqlarından fəxr etdiklərini və heç bir çətinlikdən qorxmadıqlarını söylədilər. Bildirdilər ki, Ali Baş Komandanın da dediyi kimi, biz ermənini dəmir yumurqla əzdik. Onlar növbəti dəfə ölkəmizə qarşı torpaq iddiası həvəsinə düşsələr, bu, onlara, təbii ki, baha başa gələcək. Əsgərlərimiz Ana Vətən yolunda qəhrəmancasına şəhid olan oğul və qızlarımızın şəhadətlərini təbrik etdi, qazilərimizə Tanrıdan şəfa dilədilər.
Əsgərlərimizin yanından ayrılandan sonra artıq yolumuza davam etdik - geri qayıdası olduq. Artıq hava da qaralırdı. 1 günlük Ağdam səfəri mənə sanki 27 il kimi gəldi. Doğrudan da, torpaq qana bulaşarsa, Vətən deyərlər. Biz Qələbəmizi dəmir yumruq hesabına, düşməni qova-qova qazanmışıq və indi durmuşuq öz torpağımızda. Əziz Ağdam, sən artıq azadsan və bizi gözlə, gəlirik isti qucağına...
Həmin səfərdən hazırladığımız video və fotoları sizlərə təqdim edirik: