BolgeXeber.Com » Xəbərlər » Ermənistanın 17 muzdlu döyüşçüsü və 4 vətəndaşı barəsində axtarış elan edilib

Ermənistanın 17 muzdlu döyüşçüsü və 4 vətəndaşı barəsində axtarış elan edilib

25-01-2021, 14:19
Oxunub: 464 Baş Prokurorluqda başlanmış 62 cinayət işi üzrə 21 şəxs barəsində axtarış elan edilib.
Bolgexeber.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev yanvarın 23-də Azərbaycan Baş Prokurorluğunda 2020-ci ildə görülən işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş Kollegiya iclasında deyib.
Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olan prokurorluq orqanları səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə zəruri istintaq hərəkətləri həyata keçirib, xain düşmənin beynəlxalq konvensiyalarda təsbit olunan müharibə qaydalarını kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən şəhərlərimizi və kəndlərimizi, infrastruktur obyektlərini raket zərbələri, o cümlədən qadağan olunan silahlarla atəşə məruz qoyması, namərd hücumlarla onlarla dinc sakinin qətlə yetirilməsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmaqla intensiv istintaq-əməliyyat tədbirləri aparılıb.
Qeyd edilib ki, 27 sentyabr 2020-ci il tarixdən etibarən erməni silahlı qüvvələri tərəfindən aparılan təcavüzkar müharibə, onun gedişində törədilən digər xarakterli cinayətlərlə bağlı Baş Prokurorluqda 62 cinayət işi başlanaraq, həmin işlər üzrə və Ermənistan Respublikasının 4 vətəndaşı barəsində, cəmi 21 şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları çıxarılaraq axtarış elan edilib.
Eyni zamanda erməni silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.
Erməni vəhşiliklərinin dünya dövlətlərinin hüquq mühafizə orqanlarına və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırılması məqsədilə BMT-nin İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, Avropa Şurasının İnsan Hüquqlarının Müdafiəsi üzrə Komissarına, MDB ölkələrinin üzv dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlara, eləcə də 25 ölkənin Baş prokuror və Ədliyyə nazirlərinə Ermənistanın törətdiyi cinayətlər haqqında məktublar, 37 xarici dövlətin səlahiyyətli orqanına 46 hüquqi yardım göstərilməsinə dair vəsatətlər göndərilib.
Qeyd edilib ki, ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə Baş Prokurorluğun İstintaq idarəsində başlanmış cinayət işləri üzrə erməni vandalizmi nəticəsində məqsədli şəkildə talan edilib, dağıdılmış yaşayış məntəqələri, həmçinin tarixi, dini-mədəni abidələrə və digər əmlaklara dəymiş ziyanın, eləcə də atəşkəsin davam etdiyi dövrdə əldən çıxmış faydanın məbləğinin müəyyən edilməsi məqsədilə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə müvafiq işlər davam etdirilir.
Eyni zamanda işğal olunmuş ərazilərdə xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı cinayət işləri üzrə, həmçinin əzəli torpaqlarımızda qanunsuz məskunlaşmanı həyata keçirən bütün təqsirli şəxslərin beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin aparılması diqqətə çatdırılıb.
Bununla yanaşı, prokurorluq orqanları tərəfindən Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulan ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi qeyd edilib.