BolgeXeber.Com » Xəbərlər » “Araşdırılmalıdır ki, onların övladları müharibəyə niyə aparılmadı” - bir debatın əks-sədası

“Araşdırılmalıdır ki, onların övladları müharibəyə niyə aparılmadı” - bir debatın əks-sədası

28-01-2021, 11:24
Oxunub: 1 931 Müsavat TV-nin bugünlərdə baş tutan “Canlı debat” verilişində VİP sədri Əli Əliyevlə YAP-çı deputat Elman Nəsirov arasında maraqlı polemika yaşandı. Debatın bir hissəsində hakim partiyanın deputatı Ə.Əliyevdən soruşur ki, hər dəfə məmurları “övladları Qarabağ müharibəsində iştirak etmədi” deyə ittiham edir. Ardınca partiya sədrinə sual ünvanlayır ki, sizin övladlarınızdan müharibədə iştirak edən varmı?
Debatda məlum olur ki, VİP sədrinin üç oğlu var. Ə.Əliyevin iddiasına görə, müharibədə iştirak etmək üçün övladları aidiyyəti quruma ərizə ilə müraciət etsələr də, onları müharibəyə aparmayıblar.
Bu polemika maraqlı bir mövzunun əsasını qoymaqla yanaşı, özü ilə bir sıra suallar gətirib. Yalnız iqtidar təmsilçilərininmi övladları müharibədə iştirak etməlidir? Müxalifətin tanınmış simalarının özləri və övladları Qarabağ müharibəsinə qatıldılarmı?
Ümumiyyətlə, bu qarışıqlı ittihamlar doğrudurmu?
Bu suallar ətrafında çoxsaylı müzakirələr gedir.
Onu da qeyd edək ki, kütləvi xarakter daşımasa da, hər iki düşərgədən müharibəyə qatılanlar da oldu. Məsələn, AĞ Partiya başqanı Tural Abbaslının qardaşı Teymur Abbaslı könüllü döyüşlərə qatıldı və şəhidlik zirvəsinə yüksəldi. Sabiq baş nazir, AXP sədri Pənah Hüseynin oğlu Vaqif Hüseyn döyüşlər zamanı ön xətdə oldu. Müsavat Partiyasının funksioneri Arzu Səmədbəylinin oğlu Turqut, partiya başqanının müavini Fərəc Kərimli müharibənin ilk günlərindən döyüşlərə qatıldı. Hazırda övladları hərbi xidmətdə olanlar da var. Müsavat başqanı Arif Hacılı və partiya funksioneri Tofiq Yaqublunun adlarını çəkmək olar.
İqtidar düşərgəsindən Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu Pərvin Əsədov könüllü döyüşlərdə iştirak etdi. Bu siyahını bir qədər artırmaq da mümkündür.
Amma görünən budur ki, qaneedici olmadığı üçün istər müharibə günlərində, istərsə də savaşın bitdiyi 10 noyabr tarixindən bu günə qədər bu istiqamətdə yaranan müzakirələr səngimir.
Məndən çox hakimiyyəti sərt tənqid edən olmayıb, amma..." - ELŞAD MUSAYEV /  TAM HİSSƏ - Hürriyyət
Elşad Musayev: “Belə müzakirələr iqtidar-müxalifət münasibətlərini gərginləşdirmək üçün olmamalıdır”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev suallara “Yeni Müsavat”da bu cür cavab verdi: “Debatda müxtəlif məsələlərin müzakirəsi zamanı tərəflər bir-birinə suallar ünvanladılar. Əslində burada qeyri-adi heç nə yoxdur. Hesab edirəm ki, Vətənin müdafiəsi ilə bağlı belə qızğın debatlar olan zaman bu cür sualların olması normaldır. Digər tərəfdən, düşünürəm ki, belə müzakirələr iqtidar-müxalifət münasibətlərini gərginləşdirmək üçün olmamalıdır. Misal üçün, partiya sədrlərindən Pənah Hüseynin oğlu gedib müharibədə iştirak etdi. Arzu Səmədbəylinin də adını çəkə bilərik. Ola bilsin ki, kiminsə sağlamlığında problemlər var. Bu ayrı məsələdir. Amma hakimiyyətin tanınmış simalarından kiminsə iştirak etdiyini açığı görmədim. İstənilən cəmiyyətdə belə müzakirələrin açılmasında qeyri-adi bir hal yoxdur”.
ADP sədri Sərdar Cəlaloğlu: “Şəxsən özüm barədə deyə bilərəm ki, Azərbaycanda yaşayan bir oğlum var. O, bir neçə dəfə könüllü olaraq müharibəyə getmək üçün müraciət etdi. Aparmadılar. Mənim özüm Prezident Administrasiyasına müraciət etdim ki, oğlumu müharibəyə aparsınlar. Amma olmadı. Çünki oğlum hərbi xidmətə yararsızdır. Böyük oğlum Norveçdə yaşayır. O da orada səfirliyə gedib könüllü yazıldı. Faktiki olaraq obyektiv səbəblərdən övladlarımı aparmadılar. Amma bilirsiniz ki, Pənah bəyin oğlu gedib ön xətdə döyüşdü. Bacımın oğlanları müharibədə olub. Bizdən dörd nəfər zabit döyüşdü. Kimlərin yaşı düşdüsə getdi. Amma hansısa məmurun övladı yararsızdırsa, bu səbəbdən müharibəyə gedə bilməyibsə, bu başqa məsələdir. Lakin Vətən qarşısında xidmət etməkdən kimsə pul müqabilində yayınıbsa, qaçıb gizlənibsə, bu cinayətdir. Mənim oğlum, qardaşım, yaxud qohumum müharibəyə getməyəcəksə, o zaman müharibə barədə fikirlərlə necə çıxış edə bilərsən? Müxalifət liderlərinin də əgər müharibəyə yararlı övladı, qardaşı, qohumu varsa, mütləq getməlidir və bu, nümunə olmalı idi. Bu məsələlərin polemikaya gətirilməsi çox vacibdir. Çünki ”müharibədə elə ancaq kasıb uşaqları şəhid olmalı deyil ki" kimi suallar eşidirik. Doğrudur, Vaqif Əsədovun oğlu müharibəyə könüllü getdi. Prokurorluq əməkdaşlarından da döyüşə gedənlər, şəhid olanlar oldu. Amma bu, kütləvi xarakter almalı idi. Hamının müharibəyə getməsi də düzgün olmazdı. Çünki onların vəzifələrini icra etmələri də vacib idi".
Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər Həmidov da  onu agent adlandırdı" - MÜSAHİBƏ
Sərdar Cəlaloğlu: “Övladımı gizlədim, sonra da milli birlikdən danışım, bu, boşboğazlıqdan başqa bir şey deyil”
ADP sədri bu məsələnin gündəmdə saxlanılmasını vacib sayır: “Nəyə görə məmur övladları hərbi xidmətə yararlı olduqları halda iştirak etməsinlər? Bizdə dəqiq məlumatlar var ki, bəzi hərbi komissarlıqlarda pul alıb xidmətdən yayındırılanlar olub. Təkcə bu hal məmurlarla bağlı olmayıb. Ailə var ki, iki övladı olub, hər ikisi şəhid olub, yaxud iki övladı da müharibəyə aparılıb. Amma ailə də olub ki, 5-6 oğlu olsa da, heç birini  müharibəyə göndərməyib, yaxud döyüşlərə aparılmayıblar. Bu halları əgər biz qaldırmasaq, növbəti dəfə başımıza belə hal gələrsə, xalqı necə səfərbər edə biləcəyik? Milli birlik tələb edir ki, hamı maraqlarını bu dövlət üçün qurban versin. Övladımı gizlədim, sonra da milli birlikdən danışım, bu, boşboğazlıqdan başqa bir şey deyil. Yoxlanılmalıdır ki, nazirlərin, komitə sədrlərinin, icra başçılarının və digər məmurların uşaqları müharibəyə yararlı olduqları halda nə üçün kütləvi şəkildə müharibədə iştirak etməyiblər. Bu yoxlanılma çox vacib olardı”.