BolgeXeber.Com » Xəbərlər » İcra başçısı Prezidentin mükafatlandırdığı gənclə görüşdü - Fotolar

İcra başçısı Prezidentin mükafatlandırdığı gənclə görüşdü - Fotolar

5-02-2021, 11:38
Oxunub: 1 553 Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova "2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə Azərbaycan Prezidentinin mükafatına layiq görülən Nərgiz Abdulova və onun anası Cəmilə Avbdulova ilə görüşüb.

İ.Gülməmmədova bildirib ki, 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında ölkə başçısının imzaladığı Sərəncamla mükafatlandırılan 10 nəfər arasında Abşeronlu gəncin olması onu sevindirir.  Belə bir yüksək mükafata layiq görülməyin böyük xoşbəxtlik olduğunu vurğulayan başçı N.Abdulovanı bu uğur münasibəti ilə təbrik edib.

Eşitmə və nitq məhdudiyyətli olduğunu, lakin buna baxmayaraq aktiv ictimai fəaliyyətlə məşğul olduğunu, eyni problemdən əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiya etməsinə köməklik göstərdiyini bildirən N.Abdulova qeyd edib ki, 2012-ci ildə "Mənim Dünyam eşitmə məhdudiyyətli uşaq və gənclər klubu” valideyinləri tərəfindən yaradılıb. O vaxtdan bu klubda uşaqlarla aktiv görüşlər keçirməklə onların inkişafında mühüm rol oynayıb.

2016-cı ildə "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi kimi qeydiyyatdan keçən təşkilatın fəaliyyəti daha da genişlənib. Burada digər eşitmə məhdudiyyətli gənclərə motivasiya verən qəhrəmanımız 2016-cı ildən başlayaraq Qeyri Hökümət Təşkilatlarında təlim və seminarlara qoşularaq bir çox sertifikat və diplomlara layiq görülüb. Əl işlərinə olan böyük marağı sayəsində bir çox sərgilərin təşkilatçısı olub. 2017-2018-ci illərdə Abşeron rayon Mədəniyyət evində sərgilər təşkil edərək eşitmə məhdudiyyətli gənclərə dəstək olub. Məhdudiyyətli şəxslərin əl işlərinin satış sərgisini bir çox məkanlarda ildə iki dəfə olmaqla təşkilində könüllü yardım göstərib.

2019-cu ildə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.

N.Abdulovanın anası, "Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım” İctimai Birliyinin sədri Cəmilə Avbdulova bir neçə il bundan əvvəl Abşeron RİH-i tərəfindən ofislə təmin olunduqlarını və bunun da onların faəliyyətlərinin daha da genişlənməsinə müsbət təsir etdiyini vurğulayan cəmiyyət sədri göstərilən diqqətə görə təşəkkürünü bildirib.