BolgeXeber.Com » Xəbərlər » Sürücülük vəsiqələrini “ASAN”a verməyi tələb edən deputatın məqsədi nədir?

Sürücülük vəsiqələrini “ASAN”a verməyi tələb edən deputatın məqsədi nədir?

11-06-2021, 11:01
Oxunub: 776

Şəmsəddin Əliyev: “Hüquqi bilikləri təkmil olmadığından, bəyanatında korrektələr etməli idi”

Milli Məclisin 9 iyun tarixli iclasında Gəncədən seçilən millət vəkili Müşfiq Cəfərov DİN-in Gəncə şəhərinin regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərliyini rüşvətxorluqda ittiham edib. Millət vəkili parlamentdə çıxışı zamanı deyib ki, sürücülük vəsiqələrinin verilməsi işi ASAN xidmətlərə həvalə edilsin.
O, belə bir təkliflə çıxış etməsini onunla əsaslandırıb ki, son zamanlar Gəncə şəhərində yerləşən 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən özbaşnalıq onları narahat edir: “Şöbəyə yeni rəhbər təyin olunduğuna baxmayaraq, təşkilatda özbaşnalıq, həddini aşma, heç bir qanuna tabe olmama halları pik həddə çatıb, sanki ölkə başçısı tərəfindən aparılan antikorrupsiya tədbirlərinin bunlara aidiyyəti yoxdur. Qeyd edim ki, sürücülük vəsiqəsi üçün rüsumlar – 58 manat 40 qəpik məktəb qeydiyyatına, 20 manat 40 qəpik imtahana giriş və 25 manat 40 qəpik sürücülük vəsiqəsi üçün, ümumilikdə, 104 manat 20 qəpik olduğu təqdirdə, vətəndaşlardan 1000 manat pul istənilir. Qeydiyyat nişanı üçün rüsumlar 35 manat 40 qəpik, texniki baxış üçün rüsum 30 manat 40 qəpik, ümumilikdə, 65 manat 80 qəpik olduğu təqdirdə, vətəndaşdan 350 manat pul tələb olunur. Mən təklif edirəm ki, bu qurumun bütün səlahiyyətləri “ASAN xidmət” mərkəzlərinə verilsin. Beləlik də şəffaflığa nail olunsun”.
O da məlumdur ki, hər bir orqanın özünəməxsus fəaliyyət sferası var. İddia edildiyi kimi, hansısa nöqsan varsa, bu o demək deyil ki, həmin orqanın səlahiyyətləri digər quruma verilməlidir. Ümumilikdə, sürücülük vəsiqələrinin verilməsini “ASAN xidmət”ə həvalə etməyi tələb edən deputatın məqsədi nədir?

Məsələ ilə bağlı “Polisə Dəstək” İctimai Birliyinin sədri, hüquqşünas Şəmsəddin Əliyevin fikirlərini öyrəndik. O, səslənən fikirlərlə razılaşmadı: “Müşfiq Cəfərov eruditsiyalı, cavan millət vəkilidir. Ölkənin ümidli gənclərindəndir. Bəli, onun seçicilərinin adından danışmaq, xalqı təmsil etmək hüququ var. Bildiyimə görə, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. mühəndis və menecment iqtisadiyyatı üzrə mütəxəssisdir. Hüquqi bilikləri təkmil olmadığından, bəyanatında korrektələr etməli idi. Müşfiq müəllimin Gəncə regional qeydiyyat imtahan şöbəsində rüşvət alma və rüşvət vermə ilə bağlı “səhih sandığı məlumatı” Milli Məclisdə səsləndirmək yox, deputat sorğusu ilə rüşvət verənin rəsmi müraciətini Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərsəydi, yaxud da daxili işlər nazirinə müraciət etsəydi, daha effektli olardı.
Müşfiq müəllimin DİO-da gedən demokratik hüquqi islahatlardan məlumatı var, nazirin və Kollegiya üzvlərinin korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərə qarşı mövqeyi bəllidir. Lakin DİN-in hakimiyyətin spesifik bir qurumu olaraq fəaliyyət istiqamətlərində şəffaflığı həmişə mümkün olmur. Bu baxımdan, hörmətli deputatın səsləndirdiyi fikirlər ehtimala söykəndiyindən, əsas kimi qəbul oluna bilməz, təqsirləndirib ittiham etdiyi şəxslərin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmədiyindən, ittihamı yersiz səsləndirib. Ölkə Konstitusiyasının 63-cü maddəsində qeyd olunduğu kimi, “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir”. Bunları məlumat üçün dedim. Digər tərəfdən, hörmət bəslədiyim Müşfiq müəllim çıxış yolu olaraq bu qurumun DİN-in tabeliyindən çıxarılıb “ASAN xidmət”ə verilməsini təklif edir. Bu qayda ilə çoxlu sayda mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərini qayçılayıb “ASAN xidmət”ə həvalə etməklə Azərbaycanın xidmət brendini mürəkkəbləşdirəcəyik. “ASAN xidmət” son illərdə üfürülmüş şara bənzəyir. Onun nə vaxtsa partlamağı da ola bilər. Son iki il ərzində bu xidmətin özündə çətinliklər yaranıb. Qaz, su, elektrik enerjisinin sayğac problemi “ASAN”da olsa da, böyük narazılıq var. Dövlət qulluqçularının iradəsindən asılı olmayan səbəblərdən süründürməçilik halları var”.
Ş.Əliyev onu da qeyd etdi ki, bu kimi məsələlərdə deputat sorğusu daha effektli ola bilərdi.
Vidadi ORDAHALLI