BolgeXeber.Com » Xəbərlər » Milli Qəhrəman Asif (Fred) Məhərrəmovun dəfn mərasimindən videogörüntülər yayıldı - İLK DƏFƏ

Milli Qəhrəman Asif (Fred) Məhərrəmovun dəfn mərasimindən videogörüntülər yayıldı - İLK DƏFƏ

14-06-2021, 12:02
Oxunub: 2 784 Sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmovun dəfn mərasimindən videogörüntülər paylaşılıb. 
Qaziler.az bildirir ki, 1994-cü ildə olan dəfn mərasiminin görüntüləri yutub kanalında yerləşdirilib. 

Xatırlatma:
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. On bir uşağı olan böyük bir ailənin ilk övladı olub. Uşaqlığı yoxsulluq içində keçib. Uşaqlıqdan boks və futbolla məşğul olub.

1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirmiş, Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə onu həbs edirlər. Asifə iki il iş kəsilir və onun 18 ayını həbsxanada yatır.

1976-cı ildə Asif qız qaçırır və onunla qısa ömür sürəndən sonra qəfil avtomobil qəzasına tuş gəlir. Təsadüf nəticəsində təcili yardım maşınının vurulmasına görə ona 4 il 6 ay iş verirlər.

1980-ci illərin sonunda həbsxanadan çıxdıqdan sonra Asif Moskvadakı dostlarının yanına gedib. O bir müddət sonra Ağdama qayıdaraq restoran sahibi olur.

Qarabağ müharibəsi dövründə Allahverdi və Eldar Bağırovla yaxın dost olub.

1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaradıb. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər. 1991-ci il 31 dekabr Xramort kəndinin azad edilməsində xüsusilə fərqlənib. Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədən istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alıb, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirib. Bundan sonra ordakı sursat yalnız Azərbaycanın müdafiəsi üçün istifadə olunub. Azərbaycan Respublikası Müdafiə Naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilib. Asifin hərbi təhsili olmamasına baxmayaraq, o, 859 saylı həmin batalyonun ilk komandiri olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilir. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib.

24 iyun 1992-ci il Naxçıvanlı kəndi uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra yenidən cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurmuş, onun maşını aşmışdı. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. Milli Qəhrəman adına təqdimat həmin vaxt yazdılmışdı. Asifi üç gün Ağdamda saxladılar.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna daxil olub. O zaman ən uzun çıxışı o eləmişdi, 45 dəqiqə Ağdamdakı vəziyyətin ağırlığını çatdırmışdı. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırdı. O zaman narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə 3 saat söhbət elədi və ona bildirdi ki, "nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq".

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qalıblar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıdır. Vəziyyəti daha da pisləşir. O, uzun illərin həbsxana və səngər həyatından sonra vərəm xəstəliyi ilə əlbəyaxa mübarizədə idi.

1993-cü il 27 oktyabrda, Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.

1994-cü ildə Bakıda II Şəhidlər xiyabanında dəfn edilib.

Asif Məhərrəmova "Fred" ləqəbini ona 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.

Allah rəhmət eləsin...