BolgeXeber.Com » Xəbərlər » "Xalqımız hər zaman Prezidentimizin ətrafında sıx birləşərək sabaha böyük inamla addımlayır"

"Xalqımız hər zaman Prezidentimizin ətrafında sıx birləşərək sabaha böyük inamla addımlayır"

7-09-2021, 15:20
Oxunub: 3 032 “Dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin uğurlarını yaşayırıq.  İşğalla heç zaman barışmayan Azərbaycan xalqı tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində torpaqlarımız azad olunacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Ölkəmiz bu illər ərzində bütün sahələrdə davamlı uğurlar qazandı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Yeni dostlar, tərəfdaşlar qazanan Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirakı, gündəmə gətirilən məsələlərə ədalətli yanaşmaları ilə təqdir edildi. Bu illər ərzində Azərbaycan  BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv, Qoşulmama Hərəkatına üzv qəbul olundu. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazandı. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olundu və ölkəmiz hazırda bu missiyasını uğurla həyata keçirir. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bu, dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın siyasətinə verdiyi dəstəkdir. Cari ildə quruma üzv ölkələrin Azərbaycanın  Qoşulmama Hərəkatına əlavə 1 il də sədrlik etməsi  barədə qərarı xarici siyasət uğurlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.”
“İki sahil” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Azərbaycan siyasi, iqtisadi, humanitar mərkəzə çevrilib:“İki ilə yaxın dövrdə COVID-19 pandemiyasının tələblərinə uyğun olaraq videoformatda təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyini davam etdirən Azərbaycan, eyni zamanda, onların təşəbbüsçüsüdür. Ölkəmiz mədəniyyətlərarası, dinlərarası dialoq forumlarının məkanıdır. Tolerant, multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkə kimi nüfuz qazanıb. 2015-ci ildə ilk Avropa, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi ilə mövcud imkanlarının təqdimatında uğurlar qazanmaqla yanaşı, dünyaya sülh, birlik, həmrəylik mesajını ünvanladı.  Azərbaycanın beynəlxalq münasibətlərdə siyasətindən “baş çıxara bilməyən” ünsürlər qərəzi bir kənara qoyub həqiqətləri etiraf etmək bacarığına malik olsalar  belə güclü, qüdrətli, qalib ölkənin vətəndaşı olmaları ilə qürur duyarlar.”
M.Həsənov diqqəti Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizədə göstərdiyi  beynəlxalq dəstəyə  yönəldib: “Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə Görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Azərbaycan 30-dan artıq ölkəyə maddi və humanitar yardım göstərib,  dünya gündəmini zəbt edən vaksin millətçiliyinə qarşı mübarizənin ön sıralarındadır.”
“Ölkəmizin çoxşaxəli xarici siyasətinin uğurlarının zirvəsində dayanan, artıq tarixə qovuşaraq yeni səhifənin açılmasını şərtləndirən Dağlıq Qarabağ münaqişəsinin həlli, ədalətin, beynəlxalq hüququn bərpası dövlətin xarici siyasətindən “baş çıxarmayanlara” cavabdır” söyləyən millət vəkili qeyd edib ki, bu gün  Azərbaycan tarixinin şərəfli dövrünü yaşayır: “Işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri geniş vüsət alıb, Böyük Qayıdışa gedən yol yaxınlaşır. Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan  və bunu fürsət düşdükcə qabarıq şəkildə büruzə verən xarici anti-Azərbaycan dairələrin ssenarilərinə uyğun olaraq yenə də   ictimai fikri çaşdırmağa, uğurlarımıza kölgə salmağa  cəhdlər edən daxildəki  ünsürlər Qələbəmizi şəhidlərimizin canı, qanı bahasına əldə etdiyimizi  unutmasınlar.”      
M.Həsənov bu ünsürlərin vaksinasiya prosesinin əleyhinə olmalarına da münasibət bildirərək vurğulayıb ki, onlar Azərbaycanın bu prosesdə  fəal iştirakını, dövlətin vətəndaşlarımızın yanında olmasını, onların sağlamlığını qorumaq üçün bütün zəruri addımları atmasını həzm edə bilmirlər. Xalqımız dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyir, hər zaman Prezidentimizin ətrafında sıx birləşərək sabaha böyük inamla addımlayır. Bu baxımdan bəzi ünsürlərin ənənələrinə uyğun olaraq ictimai fikri çaşdırmaq  yolunu tutmaları «düşmən dəyirmanına su tökməkdən» başqa bir şey deyil.