BolgeXeber.Com » Xəbərlər » ƏTRAF MÜHITI QORUSAQ, BIZ DƏ QORUNARIQ...

ƏTRAF MÜHITI QORUSAQ, BIZ DƏ QORUNARIQ...

8-09-2021, 11:26
Oxunub: 4 792
Paytaxtımız nə qədər yaşıl libasa bürünsə də bu gözəlliyə qulluq yetərincə deyil...
 Bakı rayonlarında uzun ömürlü, yaşı əllini ötmüş ağacların namərd baltasına (indi elektrik marlara) tuş gəlməsi faktları davam edir. Cəza təhdidi bəs etmir. KİV bu məsələni tez-tez yaysa da təbiətə qarşı terror davam edir. Dövlət Başçısı hər dəfə həyacanla ətraf mühitə qarşı həddini aşanlara barmaq silkələyir, amma nəzarət sönük, səthi həyata keçirilir. Oxuduqlarıma görə Bakının Xətai, Nərimanov, Nəsimi ... rayonlarında belə faktlar fiksə edilir. "Cıdır" meydanının Kooperasiya Universitetinə tərəf gedən yolda inşası artıq başa çatmış yeni, hündürmərtəbəli binanın son işləri gedir. Bu mənzərəyə baxanda nə qədər şam ağaclarının kəsilməsini görmək çətin deyil.
Bakının Şəhərsalma Departamenti yaşayış üçün nəzərdə tutulmayan ərazilərdə binaların inşasına hansı hüquqi əsaslarla icazə verməsi də suallar doğurur. Bəs Ekologiya Nazirliyi, Fövqaladə Hallar Nazirliyi, RİH-lər hara baxır? Axı, bu özbaşınalıqlar Prezidentin daxili siyasətinə ziddir.
Bakının inzibati ərazilərində istirahət üçün zonalar çox azdır. Satmağa da artıq yer qalmayıb. Binaların qarşısında nəqliyyat vasitələrinin park olunması yerləri də satılıb. Az qala hər gün avtomaşın sahibləri arasında bir-birilərinə qarşı hörmətsizlik halları baş verir. Günah RİH-də və binaların sahiblərində-mənzili satıb pulunu alan, maşının park edilməsi üçün yeri əlavə olaraq satışa çıxardanlardadır... Nəzarət yox!
"Bakı" deyilən balon çox üfürülür. Bunun da bir həddi olmalıdır. Digər tərəfdən, bu sahədə ictimai nəzarəti həyata keçirən vətəndaş cəmiyyətinin iradlarına da əhəmiyyət verilmr.

Ölkə Konstitusiyasına görə "Ətraf mühiti qorumaq" vətəndaşların konstitusion vəzifəsi hesab edilir. Binanın inşasına icazə verib, onu inşa edənlər, habelə bu hərəkətsizliyə göz yumanların hər biri qorumalı olduqları ətraf mühiti qorumadıqlarına görə məsuliyyət daşıyırlar. Hüquqi dövlətlərdə əvvəlcə hüququn, sonra isə qanunun aliliyi prinsipi yüksək həssaslıqla gözlənilməlidir. Bu baxımdan düşünürəm ki, təbiətə soyqırım etməklə, sərf edilən məbləğin həddindən və arxasında kimin durmasından asılı olmayaraq belə binalar sökülməlidir ki, digərlərinə dərs olsun.
Anlamaq olmur. Məmur özbaşınalıqlarına nə qədər "Amnistiya-günahı və cinayəti unutmaq"- tətbiq etmək olar? Məmurların həbs edilməsindən sadə vətəndaşlar belə silkələnirlər, amma digərlərinə dərs olmur. Qənaətimə görə təbiətə qarşı bu sayaq davranmaq həm də o yaşıllıqları nə vaxtsa salmış insanların təmiz və nəcib zəhmətinin batıb getməsidir. Baxın, Allahın gözəl bir biçimdə yaratdığı insan necə nəfsinin köləsinə çevrilir? Üzülməmək olmur. İnsan əməli ilə şəxsiyyətini təsdiq edir. Özünə xas medalı boynundan asır... Bəhsəbəslik davam edir. Tamahlar böyüyür.
Dünya od tutub yanır. Covid meydan sulayır. "Qəssablar piy axtarır". Bəzən boz insanların üzü kimi təbiət də boz sifətini bizə göstərəndə, çətin bir durumda qalarıq. Bunu hər gün oxuyur və müşahidə edirik. Boz insanların, şeytani nəfsin köləsinə çevrilənlərin odunda, kövrək, günahsız adamlar da yanıb kül olacaq! Belə çıxır ki,hər şey bir nəfərdən asılıdır!? Bəs biz vətəndaşlar dövlətə dəstək üçün nə etməliyik.
Şəmsəddin Əliyev, 
hüquqşünas