BolgeXeber.Com » Xəbərlər » Zəfər tariximizin yazarı

Zəfər tariximizin yazarı

14-10-2021, 15:02
Oxunub: 1 736 Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub.Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir.2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Cənab Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü, nəhəng infrastruktur layihələri həyata keçirildi. Düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına uyğun olaraq rayonlarda Olimpiya İdman Komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır.  Cənab  Prezident İlham Əliyevin apardığı düzgün və uğurlu siyasəti nəticəsində neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start vermişdir. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış eməyə başlamışdır. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqləyir.  Dünya mətbuatında çox böyük tarixi hadisə kimi qiymətləndirilən Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrası Cənab Prezident İlham Əliyevin diqqət mərkəzində olan və icra olunan böyük strateji layihələrdəndir.
Prezident İlham Əliyev öz fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin sözlərinin həqiqətən fundamental əsaslara söykəndiyini təsdiq etdi. Böyük siyasi xadim Heydər Əliyev bu fikirləri ilə təkcə İlham Əliyevin keyfiyyətlərini sadalamırdı, həm də canı qədər sevdiyi Azərbaycanı ən etibarlı bir şəxsiyyətə həvalə etdiyini bəyan edirdi. Zaman keçdikcə Ulu Öndərin bütün dedikləri Prezident İlham Əliyevin fəaliyyətində öz təsdiqini tapdı. Hətta bu fikirlərə bir söz də əlavə olundu - qalib Sərkərdə! Dünyanın ən nüfuzlu siyasi dairələrinə Prezident İlham Əliyevin siyasətçi, iqtisadçı, diplomat və bir sözlə, liderlik keyfiyyətləri çoxdan məlumdur. Son bir ildə isə dünya dövlətimizin başçısının daha çox Ali Baş Komandan keyfiyyətlərini müzakirə edir və bunu öz nəşrlərində müxtəlif formada qısqanclıqla qeyd etməyə məcbur olur. Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. O, təkcə 2020-ci ilin qəhrəmanı deyil. Bu dahi şəxsiyyət Azərbaycan tarixinin son 200 ilinin qəhrəmanıdır. Tam əminliklə demək olar ki, cənab Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrində sürətli inkişafına nail olunub, insanların rifah halı yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası da 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb. Prezident İlham Əliyev Azərbaycan siyasi sistemə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsi dərin köklərə əsaslanır. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Bu gün tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin bütün fəaliyyəti Qarabağın azadlığına hesablanmışdı. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına daha da yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyi sayəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Növbəti mərhələdə isə hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin dövlətin və xalqın gücü ilə yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.

İmişli Rayon İcra Hakimiyyəti başçısının 
birinci müavini: Səfa Ağayev