BolgeXeber.Com » Xəbərlər » "JEK"lərin səlahiyyəti hansı qurumlara veriləcək? - AÇIQLAMA

"JEK"lərin səlahiyyəti hansı qurumlara veriləcək? - AÇIQLAMA

22-12-2021, 16:54
Oxunub: 1 264 2022-2026-cı illər üzrə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında ölkədə mənzil kommunal istismar sahələrinin (MKİS) ləğvi də yer alıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib. O bildirib ki, yeni strategiyada mənzil təsərrüfatının islahatı ilə bağlı bir sıra məsələlər nəzərdə tutulub. MKİS ləğvi də bura daxildir:

"Bunlar addım-addım icra olunacaq. Hazırda strategiya hökumətdə müzakirədədir. Ümumi şəkildə deyə bilərəm ki, mənzil təsərrüfatının islahatı ilə bağlı davamlı islahatlar aparılır, bu, yeni strategiyada da nəzərdə tutulur".

Maraqlıdır, “JEK”lərin ləğvi bu sahədəki problemlərin aradan qaldırılmasına təkan verəcəkmi, bu iş necə tənzimlənəcək?

Mövzunu "Sherg.az" a şərh edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib ki, hazırda “dejavü” yaşayırıq, “JEK”lərin ləğvi hüquqi baxımdan çoxdan baş verib:

"Mənzil məcəlləsində və digər qanunvericilik aktlarında mənzil kommunal istismar sahələrinin fəaliyyəti ilə bağlı hər hansısa bir maddə yoxdur. Bir ara onların əvəzində mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması məsələsi qaldırılmışdı. Sadəcə müəyyən işlərin həyata keçirilməsi ləngidiyindən həmin proses baş tutmadı" .
Vüqar Tofiqli “JEK”lərin fəaliyyətinin davam etdirməsində icra strukturlarının maraqlarının olduğunu deyib:

"İcra hakimiyyətləri istəyirlər ki, “JEK”lər qalsın, bir sənaye kimi fəaliyyət göstərib onlara dəstək versinlər. Bu proseslər yenilənməli və mənzil kommunal istismar sahəsinə yeni nəfəs verilməlidir".

V.Tofiqli bununla bağlı olan bütün məsələlərin həllinin iki şəkildə həyata keçirilə biləcəyini diqqətə çatdırıb:

"Belə ki,prosesin icrası və səlahiyyətlərinin yerinə yetirilməsi yerli bələdiyyələrə verilə bilər. Bu zaman işin gedişində tələb edilən müvafiq maliyyə vəsaiti dövlət tərəfindən həmin bələdiyyəyə ayrıla bilər. Dünya təcrübəsində də belə bir məqam var. Digər tərəfdən isə bu sahə konkret özəlləşdirilib və ya səhmdar cəmiyyət kimi fəaliyyət göstərə bilər. Bu iki variant daha effektiv ola bilər. Çünki əhali ilə birbaşa əlaqədə olan, onun problemini dinləyib, həllinə çalışan struktur kimi bələdiyyələr daha çox nüfuz və çəkiyə malikdir".