BolgeXeber.Com » Xəbərlər » Kürdəmirin Baş planının detalları açıqlanıb

Kürdəmirin Baş planının detalları açıqlanıb

6-04-2022, 18:30
Oxunub: 1 624 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabinetinin martın 29-da təsdiq etdiyi Kürdəmirin Baş planının detallarını açıqlayıb.

Bu barədə Bolgexeber.com quruma istinadən xəbər verir.

2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan Kürdəmir şəhərinin sayca 3-cü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu işləyib. Sənəddə müasir planlaşdırma tələbləri əsas götürülərək şəhərin gələcək inkişaf istiqamətləri müəyyən edilib.

Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 39000 nəfərə çatacağı gözlənilir. Artan əhalinin təlabatına uyğun olaraq uşaq bağçaları, məktəblər, kiçik parklar və digər sosial xidmət obyektlərinin yerləşdiriləcəyi yaşayış zonalarının qurulması, adambaşına düşən ümumi yaşayış sahəsinin 19,2 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur. Həmçinin şəhərin inkişafının və əhalinin məşğulluğunun təmin edilməsi üçün yeni sənaye müəssisələrinin yaradılması, ictimai işgüzar zonanın inkişafı planlaşdırılır. Kürdəmir şəhərində əhalinin daha çox kənd təsərrüfatı ilə məşğul olduğu nəzərə alınaraq zonalaşdırma zamanı bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və fərdi yaşayış evlərinin həyətyanı sahələrlə təmin edilməsi məsələləri də diqqətdə saxlanılıb.

Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi məqsədi ilə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 22+f,53 km-ə çatdırılması nəzərdə tutulur. Əhalinin istirahətinin təşkili və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün rekreasiya ərazilərinin və şəhərboyu yaşıllıq sisteminin yaradılması təklif edilir.

Bizim Telegram kanalımıza abunə olun