BolgeXeber.Com » Xəbərlər » Respublikada müşahidə olunan dinamik iqtisadi-siyasi tərəqqi idman sahəsində də özünü əks etdirir

Respublikada müşahidə olunan dinamik iqtisadi-siyasi tərəqqi idman sahəsində də özünü əks etdirir

12-04-2022, 10:48
Oxunub: 1 280 Gənclər cəmiyyətin ən fəal və aparıcı təbəqəsi hesab olunurlar. Onların fiziki və mənəvi cəhətdən sağlam formalaşması, vətənpərvər ruhda tərbiyəsi Azərbaycan dövlətinin hər zaman diqqətindədir. Sevindirici haldır ki, bu gün ölkə gənclərinin əsas hissəsi öz sağlamlığını qorumaq üçün idman ocaqlarına üz tutur. Gənclərimiz idmanla həvəslə məşğul olmaqla həm sağlamlıqlarını təmin edir , həm də ölkəmizin adını uca tuturlar. Beynəlxalq yarışda qalib gəlmiş idmançımızın şərəfinə himnimizin səsləndirilməsi, bayrağımızın ucaldılması hər birimizdə qürur hissi yaradır.
Vətənpərvərlik tərbiyəsinin əsası ailədə qoyulur. Sonra bu proses məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Dövlətimizin bu sahədə qəbul etdiyi qanunlar mənəvi zənginliyi, əxlaqi saflığı, fiziki kamilliyi ahəngdar surətdə özündə birləşdirən yeni insan tərbiyəsini mühüm vəzifə kimi qarşıya qoyur. Bu baxımdan, fiziki cəhətdən möhkəm, sağlam uşaqların tərbiyə edilməsi, onlara milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin aşılanması məktəbəqədər tərbiyə müəssisələrindən böyük məsuliyyət tələb edir.
Vətənpərvərlik doğulduğun torpağın tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək, mənsub olduğun xalqın keçmişinə və gələcəyinə hörmət etmək, öz dövlətinin tərəqqisi üçün can yandırmaq, milli mənlik şüuruna malik olmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, vətənin rifahı naminə əlindən gələni əsirgəməməkdir.
Şübhəsiz, milli mənlik şüuru da elə-belə yaranmır. Bu hisslər insanda lap körpəlikdən formalaşır və möhkəmlənir. Vətənpərvərlik tərbiyəsi uşaqların milli mənlik şüurunun formalaşması və inkişafına, həmçinin onun dünya görüşünə, həyat hadisələrini düzgün dərk etməsinə rəvac verir. Bu baxımdan, hər bir yeniyetmə və gənc bütün varlığı ilə vətənini sevməli, ona ürəkdən bağlı olmalıdır. Əgər doğulduğun torpağa bağlısansa, yaşadığın ölkənin sədaqətli vətəndaşısansa, doğma vətəninin keşiyində ürəklə dayanırsansa, onun rifahı naminə var gücünü səfərbər edirsənsə, deməli, sən əsl vətənpərvərsən
Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.
 
Xalid Hüseynov,
YAP Sabirabad rayon təşkilatının fəal üzvü