BolgeXeber.Com » Xəbərlər » Hacıqabulda “26 İyun-Silahlı Qüvvələr Günü” ilə əlaqədar tədbir keçirilib

Hacıqabulda “26 İyun-Silahlı Qüvvələr Günü” ilə əlaqədar tədbir keçirilib

24-06-2022, 19:08
Oxunub: 3 144 23.06.2022 –ci il tarixində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin  təşkilatçılığı ilə  Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində “26 İyun-Silahlı Qüvvələr Günü” ilə əlaqədar  tədbir keçirilib.
 Tədbirdə Vətən Müharibəsi qaziləri,   iştirakçıları,  Hacıqabul  Uşaq və Ailələrə Dəstək Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi ,Məşğulluq Mərkəzi, Rayon  İdman Gənclər İdarəsinin  əməkdaşları  və icmadan olan şəxslər iştirak ediblər.
Mərkəzin sosial iş üzrə mütəxəssisi Yasəmən Sövdimaliyeva  tədbiri açıq elan edərək tədbir iştirakçılarını  26 İyun Silahlı Qüvvələr Gününün yaranmasının 104-cü ildönümü münasibətilə təbrik edib, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 24 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Gününün ölkəmizdə ümumxalq bayramı kimi qeyd edildiyini, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış üçün söz Gənclər və İdman İdarəsinin əməkdaşı Xalid Rəcəbliyə verilib. O, Qalib Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilən siyasətin Silahlı Qüvvələrin inkişafına xidmət etdiyini, ordunun maddi-texniki vəziyyətinin daha da möhkəmləndiyini, əsgər və zabitlərimizin döyüş ruhunun və vətənpərvərlik əzminin çox yüksək olduğunu vurğulayıb. Hələ ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratmaqla Ulu öndər Heydər Əliyevin Azərbaycanın bugünkü müstəqilliyini, ərazi bütövlüyünü düşündüyünü söyləyib.
Tədbirdə iştirak edən Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Nübar Qasımova çıxış edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad edərək qazandığı möhtəşəm Zəfərdən və 44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.
Tədbirin sonunda mövzu ilə əlaqəli video-çarx nümayiş etdirilib .