BolgeXeber.Com » Xəbərlər » Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

27-08-2022, 09:29
Oxunub: 3 552 Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri münasibətlərimizin daha da inkişafına təkan verəcək. Ümumiyyətlə, Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq üçün bir çox perspektivli istiqamətlər mövcuddur. Bu mənada, bütün sahələrdə - ticari-iqtisadi, humanitar, nəqliyyat, mədəni, elmi, analitik, turizmin inkişafı və sair sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial var.
Hər iki ölkədə nəqliyyat dəhlizinin inkişafının vacibliyi prioritet məsələlərdən sayılır. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Bu, Qazaxıstan və Azərbaycan üçün Mərkəzi Asiya, Avrasiya İqtisadi İttifaqı ölkələri və Çin bazarlarına çıxışdır. Çin isə dünyanın ən mühüm iqtisadiyyatlarından birinə malikdir.
“Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdəki çıxışında deyib.
Dövlət başçısının bəhs etdiyi Orta Dəhlizə bu gün qlobal miqyasda böyük maraq göstərilir və bu da təsadüfi deyil. Orta Dəhliz və ya başqa adı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.  
Orta Dəhliz ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları arasında ən mühüm dəhlizdir. Belə ki, ölkəmizin ərazisindən keçən digər nəqliyyat marşrutları ilə müqayisədə dəmir yolu ilə konteyner yükdaşımaları ən çox bu marşrut vasitəsilə həyata keçirilir. Qeyd olunmalıdır ki, 2021-ci ildə Orta Dəhliz vasitəsilə Azərbaycan üzrə ümumi konteyner yükdaşımaların tranzit istiqamətinin payı 92,4 % olmaqla maksimal həddə çatıb. Cari il ərzində isə bu göstərici daha da artıb. Hazırda Mərkəzi Asiya ölkələrindən Orta Dəhlizə müraciətlər çox olur. Xüsusən da Qazaxıstan buna daha çox maraq göstərir. Bu məsələdə Azərbaycan-Gürcüstan-Qazaxıstan arasında birgə operatorun yaradılması ilə bağlı razılıq əldə edilib. 
Ümumiyyətlə, Azərbaycanın malik olduğu infrastuktur, digər tranzit imkanları Mərkəzi Asiya ölkələri üçün kifayət qədər cəlbedicidir. Elə bunun nəticəsidir ki, sözügedən regionda yer alan ölkələr Azərbaycan üzərindən daha çox həcmdə məhsul ixracı istiqamətində aktiv fəaliyyətə start veriblər. Azərbaycanın tranzit imkanları Mərkəzi Asiyanın aparıcı ölkələri sırasında yer alan Qazaxıstanın da ixrac imkanlarının genişləndirilməsinə böyük töhfələr vermək iqtidarındadır. Qazaxıstan üçün nəqliyyat əlaqələrinin inkişafı və davamlılığı xüsusi önəm kəsb edir. Bu məsələyə xüsusi diqqət yetirən Qazaxıstan artıq Xəzər dənizindəki Aktau limanından istifadə etməklə Azərbaycan istiqamətində yükdaşımaların həcmini artırıb. Qarşıdakı dövr ərzində daha çox həcmdə Aktaudan Bakı limanına çatdırılan qazax yükləri Bakı-Tiflis-Qars dəmir yolu ilə Türkiyəyə, oradan da Avropaya aparılacaq. Əks istiqamətdə daşınmalarla Qazaxıstan bu ölkələrdən ehtiyac duyduğu məhsulları alacaq. 
Qazaxıstan yüksək səviyyədə qeyd edib ki, ölkəsi Bakı-Tiflis-Qars dəmir yolu ilə yük daşımalarını bundan sonra da artırmaq niyyətindədir. Bu, xüsusən, ərzaq və sənaye mallarının tranziti məsələlərinə aiddir. Transxəzər Dəhlizi çərçivəsində Azərbaycanla Qazaxıstan Mərkəzi Asiya, Cənubi Qafqaz, Avropa və Asiya qitəsində yer alan dövlətləri arasında əsas əlaqələndirici rol oynamaq iqtidarındadırlar. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində əldə edilən razılıqlar artıq bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlandığını göstərir. Bu, hər iki ölkəninin iqtisadiyyatının daha sürətli inkişafına əlavə təkan verəcək. Eyni zamanda bu kontekstdə görülən işlər belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan mühüm beynəlxalq nəqliyyat qovşağı statusunu daha da möhkəmləndirəcək. 
Mövcud marşrutlarlarla yanaşı, Azərbaycan yenə belə tranzit dəhlizlərinin yaradılması istiqamətində də intensiv iş aparır. Bu xüsusda Zəngəzur dəhlizi, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan müxtəlif istiqamətli layihələr indi daha çox diqqət cəlb edir. Bu istiqamətlər üzrə də yükdaşımalar əhəmiyyətli dərəcədə artacaq.
 
Mahir Xankişiyev,
Salyan rayonu Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə