BolgeXeber.Com » Xəbərlər » Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib

Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib

8-11-2022, 16:55
Oxunub: 2 424  Azərbaycan regional və qlobal müstəvidə humanizm və həmrəylik ideyalarını təbliğ edən, konstruktiv əməkdaşlıq imkanlarını təqdim və təşviq edən islam təsisatları ilə dərin münasibətlər yaratmışdır. Hazırda dünya əhalisinin beşdə birindən çoxunu – 23,4 %-ni (1,7 milyard nəfər) müsəlmanlar təşkil edir. Orta Şərq və Şimali Afrikanın 91,2 %-i, Asiya-Okeaniyada məskunlaşan əhalinin 24,8%-i, Avropada yaşayan əhalinin isə 6%-i müsəlmanlardır. Tarix boyu multikultural ənənələrin, dini dəyərlərin ən yüksək səviyyədə mühafizə olunduğu, müxtəlif inanc sahiblərinin sülh şəraitində birgə yaşadığı Azərbaycan islam dünyasının nadir dövlətlərindən biridir ki, islamın dəyərlərini, islam dininin ali prinsiplərini təhrif olunmadan optimal siyasi-etik platformada dünya ictimaiyyətinə təqdim etmək potensialını ortaya qoyur. Azərbaycan təkcə islam həmrəyliyi ideyalarının doğulduğu məkan deyildir. Eyni zamanda, bu ideyaların reallığa çevrildiyi, islam dünyasının qarşılaşdığı əsas çağırışların həllinə yönəlmiş ən yüksək səviyyəli müzakirələrin aparıldığı əhəmiyyətli geopolitik məkandır. Xalqımızın milli-mənəvi sərvəti olan tolerantlıq, sülh ideyalarına sadiqlik, multikultural dəyərlər həm də dövlət siyasətimizin tərkib hissəsinə çevrilmişdir. 
İslam dünyasında həmrəylik platformasının, qarşılıqlı inama əsaslanan münasibətlərin qurulması mövcud əməkdaşlıq mühitini daha da genişləndirməli, onun yeni istiqamətlərini açmalıdır. Bunun üçün islam həmrəyliyi ideyalarının bütün islam coğrafiyasında yayılmasını təşviq edən əhatəli və sistemli tədbirlərin həyata keçirilməsi zəruridir. Geniş kütlələrin marağına səbəb olan, daha böyük miqyasda islam dünyasını bir araya toplayan idman tədbirlərinin təşkili bu istiqamətdə atılan önəmli addımlardan biridir. 1981-ci ildə İƏT-in III sammitində qəbul olunmuş yekdil qərara əsasən İslam Həmrəylik Oyunları Federasiyası təsis edilmiş və o zamandan etibarən hər dörd ildən bir keçirilən İslam Həmrəyliyi Oyunları beynəlxalq miqyasda əlamətdar idman hadisələrindən birinə çevrilmişdir. Prezident cənab İlham Əliyevin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışında qeyd etdiyi kimi: "Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir." İslam coğrafiyasında yerləşən ölkələr arasında Azərbaycan ilk ölkə idi  ki, islam həmrəyliyini siyasi akt səviyyəsinə yüksəldib və bütün ili həmin ideyaların təbliğinə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsinə həsr edib. Bu baxımdan, Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş islam həmrəyliyi təşəbbüsü müsəlman dünyasının bu gün qarşılaşdığı problemlərin köklü şəkildə həlli, mövcud konfliktlərin dialoq platformasında çözümü istiqamətində də konstruktiv fəaliyyətlərə təkan verəcəkdir. 
Bu gün qlobal miqyasda islam həmrəyliyi ideyalarının təbliği müxtəlif ictimai-siyasi baxışlara malik olan dinlər və konfessiyalar, regional miqyasda isə islam coğrafiyasını əhatə edən dövlətlər arasında qarşılıqlı anlaşma mühitinin və konstruktiv əməkdaşlığın formalaşması baxımından xüsusi aktuallıq daşıyır. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən Azərbaycanın islam həmrəyliyinə nail olunması istiqamətində həyata keçirdiyi əhatəli tədbirlər təkcə islam coğrafiyasında deyil, eyni zamanda beynəlxalq miqyasda davamlı sabitliyin təmin edilməsinə, konfessiyalararası anlaşmanın və tolerant dünyagörüşünün inkişafına münbit zəmin yaradır. Bu gün dünyada islam həmrəyliyinin gücləndirilməsi üçün böyük işlər görülür. Bu gün fəaliyyətdə olan İslam Əməkdaşlıq Təşkilatı islam ölkələri arasında birliyin gücləndirilməsi, çoxşaxəli əlaqələrin inkişafı, bütün islam xalqlarının azadlıq və milli hüquqlarının qorunmasını dəstəkləmək, beynəlxalq təhlükəsizliyin və sülhün qorunması istiqamətində iş aparır. 
Azərbaycan bu gün mədəni və milli dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Belə ki, ölkəmiz islamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın bir çox ölkələrində beynəlxalq konfranslar, sərgilər və s. keçirir. Azərbaycan öz əqidəsinə və milli dəyərlərinə sadiq bir dövlətdir. Bu baxımdan da, təmsil olunduğu beynəlxalq forum və təşkilatlarda islam dünyasını, müsəlmanları dəstəkləyir, güclü tərəfdaşlıq əlaqələrini genişləndirir. Bəli, Azərbaycan islami dəyərlərə, islam dininə bağlı dövlətdir. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi, tolerantlıq yeni dövrünü yaşayır.
 
 
Tofiq Qarayev,
Salyan rayon Kürsəngi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə