BolgeXeber.Com » Xəbərlər » Qarabağımızın hər bir bölgəsi kimi Laçında da həyat yenidən canlanacaq və şəhər cənnətə çevriləcəkdir

Qarabağımızın hər bir bölgəsi kimi Laçında da həyat yenidən canlanacaq və şəhər cənnətə çevriləcəkdir

1-12-2022, 09:20
Oxunub: 2 112 10 noyabr 2020-ci il tarixli bəyanatla dekabr ayının 1-də Azərbaycan ordusu bir güllə belə atmadan Laçını azad etmiş oldu. Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu Laçın şəhərindən keçdiyi üçün o vaxt şəhər nəzarətimizə götürülməmişdi. Ancaq üçtərəfli Bəyanatda da nəzərdə tutulduğu kimi, Azərbaycan deyilən vaxtdan da az bir müddətə sözügedən yola alternativ yol çəkdi və 2022-ci il avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə təntənəli şəkildə daxil oldu.
Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi tarixi hadisədir. Ona görə ki, bu rayon xüsusi strateji əhəmiyyətə, çətin relyefə malikdir. Ermənistan silahlı birləşmələri Laçın rayo­nunu 1992-ci il mayın 18-də iş­ğal etmişdilər. Həmin dövrdə xarici himayədarlarına güvənən Ermənistan rəhbərliyi düşünürdü ki, işğal etdikləri ərazilərdə əbədi yaşayacaqlar. İnsan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların, bir sıra qüdrətli dövlətlərin ermənilərə havadarlığı və münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun laqeyd münasibəti, işğalçını öz adı ilə ça­ğırmamaları Ermənistanı getdikcə daha da həyasızlaşdırdı. İşğalçıya himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilatların susqunluğu və açıq-aşkar tərəfkeşlik etmələri erməniləri daha da azğınlaşdırırdı. Onlar bu fürsətdən istifadə edərək işğal etdikləri Azərbaycan ərazilərində, o cümlədən Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz inşaat işlərinə başlamış­dılar. 
Prezident İlham Əliyev Laçın ra­yonuna səfəri zamanı bu məsələni bir daha diqqətə çatdıraraq qeyd etdi ki, Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb. Ancaq yenə də bəzi yerlərdə qa­nunsuz məskunlaşma aparılmış­dı. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən, bu məsələ ilə birbaşa məşğul olan Minsk qru­punun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular. Halbuki, dəfələrlə bu mənzərənin şahidi olurdular. Azərbaycan xalqı isə bununla heç vaxt razıla­şa bilməzdi ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.
Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma və tikinti-bərpa işlərinin aparılması ar­tıq Laçın rayonuna da çatıb. 2021-ci ilin fevral ayının 15-də Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasını işə saldı. Bu stansiya Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaqdır.
28 iyul 2021-ci il tarixində Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı. 
16 avqust 2021-ci il tarixində Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu. Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək.
Ermənistanın işğalı zamanı Laçında mövcud olmuş 14 kiçik su elektrik stansiyası darmadağın edilib. Həmin stansiyalar bərpa olunacaq və əlavə 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə, 28 su elektrik stansiyası olacaq ki, onların ümumi gücü 120 meqavatt olacaq. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi "Laçın" qovşaq yarımstansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xəttlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.
2022-ci il sentyabr ayının 21-də Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etdi. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.
20-22 sentyabr 2022-ci il tarixlərində Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması, eyni zamanda, Laçın şəhər 2 nömrəli tam orta məktəb binasının və Zabux kənd tam orta məktəb binalarının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. 
Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nasos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilir, anbarlar yuyulub təmizlənərək istismara qaytarılır.
Prezident İlham Əliyev bəyan edib ki, Qarabağı qısa müddətdə bərpa edəcəyik: “Böyük qayıdış başlayır, bütün işlərə start verilib. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.
30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız bu gün artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.
 
 
İbadət Cəfərov,
Salyan rayon Ərəbqardaşbəyli kənd tam orta məktəbin direktoru