BolgeXeber.Com » Xəbərlər » Rayon rəhbərinin Zolgəran kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Rayon rəhbərinin Zolgəran kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

2-12-2022, 12:04
Oxunub: 1 616
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Sarıcalı kənd İƏD üzrə nümayəndəliyinin Zolgəran kəndində keçirilib.
Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
Bildirilib ki, Zolgəran  kəndinin 675 hektar ərazisi, 75 təsərrüfatı, 340 nəfər əhalisi var. Ərazidə 1 modul tipli məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.
Sakinlər 102 baş iribuynuzlu, 450 baş xırdabuynuzlu heyvan, 1400 baş quş saxlayırlar.
Zolgəran kəndində son üç ildə 5 ədəd subartezian quyusu təmir edilib, əkin sahələrinə gedən su arxları 3 km məsafədə lildən təmizlənib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə rəqəmsal icra hakimiyyəti portalına telefon vasitəsi ilə bu və digər məsələlərlə bağlı müraciət edə bilmələri haqqında da məlumat verib, erkən nikah və onun fəsadlarından da söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Rayon rəhbəri sonra sözü sakinlərə verib.
Kənd sakinlərindən Gülnarə Qasımova kəndə əlavə internet xəttinin çəkilməsi, Şükufə Orucova kənddə sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərinin görülməsi, Minarə Abbasova kənddə aşma təhlükəsi olan ağacların budanması, Elbrus Əsədov örüş üçün torpaq sahəsinin ayrılması və digər məsələlər  ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə   göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.