BolgeXeber.Com » Xəbərlər » XX əsrin faciəsi​ Xocalı Soyqırımı

XX əsrin faciəsi​ Xocalı Soyqırımı

24-02-2023, 16:55
Oxunub: 1 928

Bu il Xocalı soyqırımının 31 ili tamam olur. Məlum olduğu kimi, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı kim yaddaşlara həkk oldu. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərinə sığmayan bir hərəkət edərək, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək məlum deyil. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.


Bu faciə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddilaları fonunda həyata keçirilən işğalçılıq siyasətinin növbəti təzahürü idi. Dinc əhaliyə qarşı Xüsusi qəddarlıqla törədilmiş bu soyqırım Xocalı əhalisinin öz tarixi dədə-baba torpaqlarından bir dəfəlik didərgin salmaq və onların izlərini silmək məqsədi daşıyırdı. Bu hadisədə qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülməsi eyni zamanda əliyalın mülki insanlara qarşı silahın tətbiq edilməsi bütövlükdə bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu ermənistanın terrorçuluq və işğalçılıq siyasətinin təzahürüdür. Bu işğalçılığın bir hissəsi olan Xocalı şəhəri də işğal nəticəsində xarabalığa çevrilmişdir. Belə ki, Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Həmçinin şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılmaqla bu şəhərin tarixi sahiblərindən heç bir izin qalmamasına çalışmışlar.


Xocalı hadisəsinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırım adlandılımasına əsas dəlillər BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmiş müddüalara tam uyğun və eyni zamanda soyqırımı cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olmasıdır. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər.


“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” - deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.


Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya Ədalət” kampaniyası beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir.


Bu gün də ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimizin prioritet məslələrindən biri də məhz Xocalı faciəsinin dünyada tanıdılması və ona düzgün hüquqi qiymətin verilməsidir.


“Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev.


2020-ci il sentyabr ayının 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsi ilə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərərək 30 ilə yaxın davam edən işğalçılığa son qoydu. Bununla qismən də olsa Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.


Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir.


Liza Cabbarova – Bərdə şəhər T. İsmayılov adına 1 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini