BolgeXeber.Com » Xəbərlər » El adətim

El adətim

18-03-2023, 14:33
Oxunub: 1 800

Azərbaycan xalqı özünün erkən əkinçilik, maldarlıq təsəvvürləri ilə bağlı rəngarəng bayramlarını yaratmışdır. Ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramları xalqımız bir-birindən oynaq, şirin və lətafətli nəğmələr, erkən təsəvvürlərlə bağlı miflər, ayin, etiqad, ənənə və mərasimlərlə bəzəmişdir. Yüzilliklər dolabında bu xalq bayramlarının nəğmə və sözünün nəqşi pozulanı da olub, bəndi unudulanı da… Ancaq xalq coşqun bir yaradıcılıqla bu nəğmələrin pozulmuş ahəngini, el sözünün unudulmuş bəndini cilalamış, onun özünün qüdrətli, mənəvi dünyasını əks etdirən çeşidli yallılar, rituallar, ayinlər, mərasimlər, coşqun rəqslər, rəngarəng oyunlar və açıq havada keçirilən meydan tamaşaları ilə bəzəmişdir.

Xalqımızın belə böyük bayramlarından biri də Novruzdur. Bu bayram hər il mart ayının 20-21-də keçirilir.
Novruz haqqında məlumat verən tarixi və ədəbi mənbələr geniş və çoxsaylıdır. Onlardan ən qədiminə Azərbaycan miflərində rast gəlirik.
Dahi Azərbaycan şairi N.Gəncəvinin “İskəndərnamə”sində, Ə.Nəvainin ”Səddi-İskəndər” ində bizim eradan 350 il əvvəl Novruzun böyük Xalq bayramı kimi keçirildiyi qeyd edilir. Təsadüfi deyil ki, Nizami də İskəndərin Bərdə hökmdarı Nüşabəyə qonaq gəldiyi gün elə Novruz Bayramı günü idi.
Tarixi mənbələr Novruzun eyni zamanda, təqvim bayramı olduğunu da əks etdirməkdədir. Yerin Günəş ətrafında hərəkəti ilə fəsillərin dəyişməsi, qışın keçib yazın gəlməsi, yeni əmək mövsümünün başlanması ilə əlamətdardır. İnsanlar yeni günü həm də yeni fəslin gəlməsi, yeni əmək mövsümünün başlanması kimi başa düşür və bu günü bayram kimi təntənə ilə qeyd edirdilər.
…Eləmi adətimdir,
İnamım, adətimdir
Novruz soyumdan gələn
Qədim el adətimdir
Bu gün Azərbaycanda Novruz Bayramı özünün yarandığı tarixin yetkin formasını qoruyub saxlamışdır. Bayramsevər xalqımız onu çeşidli şənliklər silsiləsi ilə keçirir, Novruzu bolluğa, firavanlığa, sülhə və əmin-amanlığa aparan yüksək ideallarla qarşılayır.
Ulu Öndər Heydər Əliyev çıxışında qeyd etmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Bu sözlərlə Ulu Öndər Novruz bayramının Azərbaycan xalqı üçün əhəmiyyətini bildirmişdir, habelə milli və mənəvi dəyər kimi təsvir etmişdir.
30 ildən artıq bir müddət idi ki, Azərbaycan xalqının böyük arzusu Novruz bayramını işğal altında qalan torpaqlarımızda qeyd etmək idi. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin səyi nəticəsində Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində zəfər çaldı. Bu qələbə xalqımızın arzusunu reallaşdırdı.
Prezident İlham Əliyev: “… Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik… Şadam və xoşbəxtəm ki, bu bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.
Fərəhlə vurğulamalıyıq ki, keçirilməsi uzun illər qadağalara məruz qalan Novruz bayramı Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində UNESKO tərəfindən Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib..
Böyük mənəvi gücə malik olan Novruz bayramı Azərbaycan xalqının milli ruhunu və yaddaşını yaşadır. Bu bayram ən qədim zamanlardan Azərbaycan xalqının həyatına daxil olmuş, insanlara gələcəyə inam duyğusu bəxş etmişdir.

Sevinc Məmmədova - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bərdə rayonu üzrə Baş mütəxəssis