BolgeXeber.Com » Xəbərlər » Xəstəxanaya ayrılmış pullar mənimsənildi: cinayət işi açıldı

Xəstəxanaya ayrılmış pullar mənimsənildi: cinayət işi açıldı

16-06-2023, 13:21
Oxunub: 1 112
İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərini mənimsəyən şəxslərə cinayət işi başlanılıb.

Bolgə.TV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla həmin xəstəxananın baş həkimi Eynulla Qasımovun Xanlar-Aysu MMC-nin direktoru Xasməmməd Bayramovla əlbir olaraq dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılıb, eləcə də tibb müəssisələrində əsaslı təmir işlərinin həyata keçirilməsi üçün onlara etibar edilmiş 44 min manatdan artıq pul vəsaitini informasiya resursları və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə dövlətə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib, Eynulla Qasımovun ölümü ilə əlaqədar barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilib, Xasməmməd Bayramova isə Cinayət Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Xanlar-Aysu MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məlumatlar da daxil olmaqla cinayət işi baxılması üçün məhkəməyə göndərilib//axar.az