BolgeXeber.Com » Xəbərlər » Rayon rəhbərinin Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Rayon rəhbərinin Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

21-09-2023, 16:17
Oxunub: 1 424

Bolgə.TV xəbər verir ki, Rayon rəhbərinin Yuxarı Qapanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun Yuxarı Qapanlı kəndində keçirilib.

Qəbulda YAP rayon təşkilatının sdəri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri qəbulda Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən danışmış, lokal xarakterli antiterror tədbirlərinin məqsədinin 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.

Qeyd olunub ki, Qarabağda 6 azərbaycanlının mina partlayışı nəticəsində həlak olmasından sonra antiterror əməliyyatına başlayıb. “Tədbirlər çərçivəsində və yüksək dəqiqlikli silahlardan istifadə etməklə Ermənistan silahlı qüvvələrinin bölmələrinin ön xətdə yerləşən mövqeləri və dərinlikdə yerləşən uzaqmənzilli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri yararsız hala salınıb”, - deyə Azərbaycan Müdafiə Nazirliyinə istinadla vurğulanıb.

Qəbulda icra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Azərbaycan xalqına müraciətindən də danışıb.Rayon rəhbəri  respublika prezidentinin xalqa  müraciətindən bəzi məqamları diqqətə çatdırıb: “Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.

Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik !”


İcra başçısı əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib. Ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərini dilə gətirib, Qərbi Azərbaycan İcmasının fəaliyyətindən, İcmanın etnik və dini ayrıseçkilik qoymadan insan hüquqularının müdafiəsinə dəstək verilməsindən də danışıb.

Sonra rayon rəhbəri qəbulda kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Yuxarı Qapanlı kəndinin 605 hektar ərazisi, 281 təsərrüfatı, 1180 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 3 ticarət, 2 iaşə obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 924 baş iribuynuzlu, 1399 baş xırdabuynuzlu heyvan, 2967 baş quş saxlayırlar.

Son üç ildə Yuxarı Qapanlı kəndinində kəndarası yollar təmir olunub, su arxları 500 m məsafədə lildən təmizlənib, kənd ərazisində 2 hektar əazidə müxtəlif ağaclar əkilib, kənd mədəniyyət evi təmir olunub yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən Nəriman Əliyev Qazyan kənd körpələr evi-uşaq bağçası üçün yeni tikilən binanın tikinti işlərinin sürətləndirilməsi ilə bağlı müraciət edib.

Qaldırılan məsələ ilə bağlı müvafiq izahat verilərək yaxın zamanda tikinti işlərinin davam etdiriləcəyi bildirilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.