BolgeXeber.Com » Xəbərlər » Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

24-10-2023, 18:19
Oxunub: 2 448

Bolgə.TV xəbər verir ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş "Akademik Kamal Talıbzadə: ədəbi tənqid məktəbinin yaradıcısı mövzusunda elmi sessiya keçirilib.

Elmi sessiyanı girş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq akademiyanın, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun formalaşmasında ədəbiyyatşünas alim Kamal Talıbzadənin əvəzsiz xidmətləri olduğunu bildirib.

O, akademik Kamal Talıbzadənin Azərbaycan elminə və ictimai fikir tarixinə əhəmiyyətli töhfələr vermiş, qiymətli əsərləri ilə elmimizi zənginləşdirmiş, yeni nəsillərin inkişafında böyük xidmətlər göstərmiş böyük ictimai xadim olduğunu qeyd edərək, görkəmli alimin Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan ədəbiyyatşünaslıq tarixində ədəbi tənqid məktəbinin banisi olan akademik Kamal Talıbzadə XX əsr Azərbaycan ədəbi tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini yaratmış, həmçinin tənqid tariximizin köklərini dərindən araşdırmışdır. 

AMEA rəhbərinin sözlərinə görə, Kamal Talıbzadə yaşadığı dövrün ədəbi-tənqid proseslərini hər zaman diqqətlə izləmiş və müasirləri olan yazıçılar haqqında qiymətli elmi əsərlər yazmışdır. Akademik İsa Həbibbəyli tənqidçi alimin gənclərin inkişafına böyük dəstək göstərdiyini, onların fəaliyyəti ilə maraqlandığını, aspirantların yetişdirilməsində yaxından iştirak etdiyini vurğulayıb.

Akademik Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat təndiqi və ədəbiyyat nəzəriyyəsi istiqamətlərindəki xidmətlərini yüksək qiymətləndirən İsa Həbibbəyli alimin 1966-cı ildə işıq üzü görmüş "XX əsr Azərbaycan tənqidi" kitabını indiyədək bu sahədə yazılmış ən qiymətli, fundamental tənqid tarixi əsəri kimi dəyərləndirib. O, akademik Kamal Talıbzadənin XX əsrin əvvəlləri Azərbaycanda romantik şeirin sənətkarlıq xüsusiyyətləri ilə bağlı ərsəyə gətirdiyi dissertasiya işinin Abbas Səhhətin timsalında ədəbiyyat sənətinin görkəmli nümayəndəsini bütün yönləri ilə birlikdə təqdim etməklə yanaşı, onun lirikasını, özünəməxsusluğunu, sənətkarlıq xüsusiyyətlərini ilk dəfə meydana qoyan tədqiqat işi olduğunu vurğulayıb. AMEA prezidenti akademik Kamal Talıbzadə haqqında ilk monoqrafiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  çapdan çıxdığını qeyd edib. 

Çıxışının sonunda akademik İsa Həbibbəyli böyük müəllimi akademik Kamal Talibzadəni hər zaman hörmətlə xatırladığını, onun irsinə xüsusi diqqət və qayğıyla yanaşdığını, yubileylərinin mütəmadi olaraq qeyd olunduğunu vurğulayıb. AMEA rəhbəri görkəmli alimin 100 illiyinə həsr olunmuş elmi sessiyada Kamal Talıbzadənin davamçıları tərəfindən onun yaradıcılığının müxtəlif məqamlarına nəzər salınacağını söyləyib, ədəbiyyatşünas alimin qızı - sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin atasının yolunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Elmi sessiyada filologiya elmləri doktoru Vaqif Yusifli "Kamal Talıbzadə - tənqid tariximizin memarı" adlı məruzə ilə çıxış edib və özünün bir tənqidçi kimi yetişməsində Kamal Talıbzadənin dəstəyindən söz açıb.

Filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli "Şəxsiyyətin görünən və görünməyən miqyası" məruzəsində vurğulayıb ki, "Kamal Talıbzadəni Firudin bəy Köçərlidən gələn akademik düşüncənin yeni mərhələdəki təmsilçisi kimi qəbul etmək olar. Kamal Talıbzadə əsərlərinin akademizmi, universallığı, milli düşüncəni ifadə etməsi onu akademik ünvanına qədər gətirdi".

Tədbirdə filologiya elmləri doktoru, dosent Elnarə Akimova "Kamal Talıbzadənin yaradıcılığında poeziya məsələləri", filologiya elmləri doktoru, dosent Sara Osmanlı "Müqayisəli ədəbiyyatşünaslığın inkişafında Kamal Talıbzadənin xidmətləri", filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı "Kamal Talıbzadə və müsasir ədəbi tənqid" mövzusunda məruzələrlə çıxış ediblər.

Sessiyada Həmçinin İraq-Azərbaycan Dostluq Mərkəzinin sədri doktor Mutaz Mohi Abdulhəmid iştirak edərək ölkəmizin son illərdə qazandığı qələbələri xüsusi vurğulayıb. O, AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə xatirə hədiyyəsi təqdim edib. Eyni zamanda İnstitutun əməkdaşı, professor İmamverdi Həmidova Sertifikat təqdim edib.

Tədbirdə çıxış edən akademik Kamal Talıbzadənin qızı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, atasının xatirəsinə göstərilən dərin ehtirama görə minnətdarlığını ifadə edib.