BolgeXeber.Com » Xəbərlər » Azərbaycan qadını!

Azərbaycan qadını!

8-03-2024, 12:46
Oxunub: 5 424


Dünyada ilk qadın dövlət başçısı, Şərqdə ilk diplomat qadındır Azərbaycan qadını. Şərqdə ilk operanı yazıb, bilinən ən qədim şahmatçı olaraq tarixə düşən, ilk təyyarəçi olaraq səmaya qalxan, dünyada humanitar layihələri, xeyirxahlıq missiyası ilə tanınan "yumşaq güc" siyasətinin təcəssümüdür Azərbaycan qadını. Azərbaycanın döyünən ürəyini yalın ayaqla düşməndən azad edən, vətənin suverenliyini, ərazi bütövlüyünü bərpa edən, bu vətən üçün gözünü qırpmadan canından keçən qəhrəmanları böyüdüb-yetişdirəndi Azərbaycan qadını!
Bəli, Azərbaycan qadını öz zəkası, intellekti, sədaqəti, vəfası ilə hər zaman xalqımızın adını uca tutub, fəal vətəndaş mövqeyi sərgiləyib. Azərbaycan qadınları ölkəmizin sosial-iqtisadi inkişafında, ictimai-siyasi və mədəni həyatında  fəal iştirak edərək öz töhfələrini veriblər.
Azərbaycan  dünyada 5-ci, Türk və İslam dünyasında, Asiya qitəsində birinci olaraq qadına seçmək və seçilmək hüququ verən ölkədir.
Dövlətimizin qadınların cəmiyyətdəki rolunun yüksəldilməsi üçün atdığı addımlar, həyata keçirdiyi tədbirlər, ölkəmizdə gender siyasətinin gücləndirilməsi istiqamətində apardığı işlərin nəticəsidir ki, bu gün Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, hətta Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində xüsusi yeri və rolu var.
Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşır, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırır, onların hərtərəfli fəaliyyətinə geniş meydan verirdi. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir:  “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.
Bu gün dövlət qadın siyasətinin  cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Müstəqil Azərbaycan Respublikasının suveren dövlət kimi uğurlarının memarı olan prezident İlham Əliyevin Azərbaycan qadınlarına verdiyi qiymət dövrümüzün ən böyük nailiyyətidir.
8 Mart Beynəlxalq Qadınlar Günü Münasibəti ilə bütün qadınları təbrik edir, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri sahədə nailiyyətlər arzulayırıq.


Aliyə Məmmədova - Bərdə rayon G. Qarayev adına Mustafaağalı kənd tam orta məktəbin direktoru