BolgeXeber.Com » Xəbərlər » Dilimiz milli kimliyimizdir

Dilimiz milli kimliyimizdir

1-08-2024, 15:12
Oxunub: 1 176
Hər bir xalqın dili onun mənəvi dəyərlərini özündə əks etdirən milli sərvətdir.
Eləcə də Azərbaycan Respublikasının dövlət dili, onun əhalisinin əsas ünsiyyət vasitəsi, milli varlığıdır.
Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir. Hər bir xalqın öz Ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı "Kitabi-Dədə Qorqud" dastanından da qədimdir. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə 13-cü əsrdən başlayır.
Müasir Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə - əski və yeni dövrlərə bölünür. Əski dövr 13-17-ci əsrləri, yeni dövr isə 17-ci əsrdən sonrakı mərhələni əhatə edir.
Əski dövr Azərbaycan ədəbi dilinin işlənildiyi areal öz miqyası ilə fərqlənir. Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil rolunu oynamışdır. Həmin dövrün ədəbi dili yeni dövr Azərbaycan dilindən öz ekstralinqvistik (dilxarici) və linqvistik (dildaxili) xüsusiyyətləri ilə də seçilir.
Əski dövr Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə fərqlənir. O dövrün dil üslubları, xüsusən aparıcı janr olan poeziya ədəbi dilə külli miqdarda alınma sözlərin gəlməsinə səbəb olmuşdu. İkinci dövrdə isə realist şeir məktəbinin, realizm ədəbi metodunun yaranması və formalaşması alınma sözləri ədəbi dildən sıxışdırıb çıxardı.
Ümummilli Lider Heydər Əliyev müstəqillik illərində Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində də böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır.
Ümummilli Liderimiz Heydər Əliyev dil məsələsinə dövlət siyasətinin tərkib hissəsi kimi yanaşırdı. Ona görə də qeyd edirdi ki, xalqın, millətin, insanın öz ana dilindən əziz bir şeyi ola bilməz. Məhz dilə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur.
Həmin fərmana əsasən, hər il avqust ayının 1-i respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Heydər Əliyev tərəfindən "Azərbaycan əlifbası və Azərbaycan dili gününün qeyd edilməsi haqqında" bu prezident fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir. Eyni zamanda, əlifbamızın beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesini sürətləndirmişdir.
Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələnir. Bu fərmanda irəli sürülmüş ideyalar içərisində iki istiqamət diqqəti cəlb edir: Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması; Azərbaycan dilinin bir dövlət dili olaraq inkişaf etdirilməsi.
Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
Günü-gündən qloballaşan dünyamızda Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün ən zəruri məsələlərindən, ən vacib reallıqlarındandır. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dili 50 milyondan artıq soydaşımızı bir-biriylə birləşdirən və onları biri-biriylə doğmalaşdıran atributdur.
Azərbaycanda elmin, təhsilin elə bir sahəsi yoxdur ki, dövlət dilinin işlənməsi və fəaliyyəti konkret maddələr əsasında öz əksini tapmamış olsun. Müasir dövrdə Azərbaycan dili elə bir inkişaf mərhələsinə çatmışdır ki, elmi-texniki inkişaf nəticəsində yaranmış müxtəlif fikirləri, sözləri, anlayışları, xüsusi elmi və texniki terminləri çox asanlıqla ifadə etmək olar. Bu onu göstərir ki, Azərbaycan dili ictimai, siyasi, mədəni inkişafla bağlı olaraq tərəqqi edir, onun publisist, bədii, elmi və siyasi üslubları daha da inkişaf edir və zənginləşir..

Mədinə İbadova - Bərdə rayon A. Süleymanov adına Şorəlli kənd tam orta məktəbin kimya müəllimi