BolgeXeber.Com » Siyasət » Elçin Əmiraslanov ölkə başçısına müraciət etdi

Elçin Əmiraslanov ölkə başçısına müraciət etdi

16-09-2011, 20:20
Oxunub: 7 119 Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin keçmiş komandiri, hazırda ömürlük həbs cəzasına məhkum olunmuş Elçin Əmiraslanov bəyanat verib.

Xəbəri Bolgexeber.com-a məhkumun qohumları veriblər. E. Əmiraslanov bəyanatında bildirir ki, özünə və ailəsinə edilən təzyiqlərlə bağlı prezident İlham Əliyevə, milli təhlükəsizlik naziri Eldar Mahmudova, beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müraciət ünvanlayıb və həmin müraciətlər nəticə verməsə ölüm aclığına başlayacaq. Bəyanatda daha sonra məhkumun özünə və ailəsinə edilən təzyiqlərdən söz açılır: “Bacım Abbasəliyeva Şəhla Səməd qızı 26 ildir ki, Azərbaycan Respublikasının səhiyyə orqanlarında həkim-terapevt olaraq çalışır. İş fəaliyyətinin son 10 ilini Qazax Rayon Mərkəzi Xəstəxanasında çalışıb. İşlədiyi dövrdə işinin öhdəsindən lazımınca gəlib. Dövlətçiliyimizin inkişafı üçün əlindən gələni edib. Hakim Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir.

Bacım 2011-ci il avqust ayının 19-da Qazax Rayon Səhiyyə Şöbəsi rəhbərinin 108 saylı əmri ilə Qazax Şəhər Poliklinikasına müdir təyin olunub. Sentyabr ayının 12-də isə guya öz ərizəsinə əsasən işdən çıxarılmağı haqda əmr verilib. Halbuki o, vəzifədən uzaqlaşdırılmağı ilə bağlı heç bir ərizə yazmayıb. İşdən çıxarılmağı ilə əlaqədar görüşdüyü rəsmi şəxslər qeyri-rəsmi söhbətdə ona bildiriblər ki, vəzifədən uzaqlaşdırılmağının səbəbi mənəm. Guya mənim kimi ömürlük məhkumun bacısı, ailə üzvləri vəzifədə ola, dövlət işində çalışa bilməzlər. Rayondakı müvafiq rəhbər şəxslər bacımın vəzifə tutması ilə əlaqədar “yuxarılardan” onlara təzyiq edildiyini deyiblər. Halbuki Azərbaycan Respublikası qanunlarında məhkum olunmuşların ailələrinin və yaxınlarının idarəçilikdən uzaqlaşdırılması haqda heç bir maddə, bənd yoxdur”.

E. Əmiraslanov ölkə başçısının bu məsələ ilə bağlı qəti qərarının olacağına, günahkarların cəzalandırılacağına əmin olduğu müraciəti və bəyanatı iki gün öncə Ədliyyə Nazirliyi Penitensiar Xidmət üzrə Müalicə Müəssisəsində yaxınları ilə görüşərkən göndərib. Məhkumun qohumları redaksiyamıza onu da bildirdilər ki, artıq bu gün onun Müalicə Müəssisəsindən yarımçıq çıxarılaraq saxlandığı Qobustan qapalı həbsxanasına göndəriləcəyi ilə bağlı xəbər alıblar. Ailəsi keçmiş OMON-çunun həyatının təhlükədə olmasından narahatdır.

Qeyd edək ki, artıq Ş. Abbasəliyeva qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar ölkə rəhbərliyinə və məhkəməyə müraciət edib.