BolgeXeber.Com » Siyasət » Azərbaycanın çıxarmalı olduğu iki mühüm nəticə

Azərbaycanın çıxarmalı olduğu iki mühüm nəticə

28-04-2014, 10:35
Oxunub: 4 061 Amerika prezidentinin keçmiş müşavirinə görə, böyük hərbi xərclər hələ güclü ordu demək deyil; müharibə vəziyyətində olan ölkəmiz daha hansı faktoru ciddiyə almalıdır?

Azərbaycan Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Belə görünür, Ukrayna olayları da qarşılıqlı əlaqələrə xüsusi təsir göstərməyib. Əks təqdirdə Bakı təzəlikcə Kazan Vertolyot Zavodu ilə 7 milyard rublluq (təxminən 234 milyon dollar) dəyərində saziş imzalamazdı.

Bu barədə Rusiya saytlarından biri müəssisənin baş direktoru Vadim Liqaya istinadən açıqlama verib. Onun sözlərinə görə, sonuncu saziş hesabına Azərbaycan zavodun sifarişçiləri arasında artıq 3-cü yerə çıxıb.

Ümumiyyətlə, Rusiyanın silah və hərbi texnika alıcıları arasında Azərbaycan mühüm yer tutur. Burada təbii ki, ikitərəfli maraqlar mühüm rol oynayır. Azərbaycan əgər Rusiya üçün qiymətli, imkanlı tərəfdaşdısa (Rusiya büdcəsinin əhəmiyyətli hissəsi hərbi-sənaye kompleksi hesabına ödənir), Rusiya da ərazisi işğal altında olan Azərbaycandan ötrü modern döyüş maşınlarının istehsalçısı kimi önəm daşıyır.

Lakin Krım olaylarına Qərbin sərt reaksiyası bu əlaqələrə təsir edə bilər. Məsələn, mümkündür ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar hansısa formada Bakının Moskva ilə hərbi-texniki sahədə əməkdaşlığına da neqativ təsir eləsin. Hərgah, şimal qonşumuz iqtisadi sanksiyaların yükünü azaltmaq üçün yəqin ki, Azərbaycanla bu sahədə daha böyük əməkdaşlığa can atacaq. Qərb, ABŞ isə Rusiyanı məhz iqtisadi-maliyyə cəhətdən çökdürmək üçün istisna deyil ki, tərəfdaş ölkələrdən Rusiya hərbi bazarından imtina eləməyi xahiş eləsin.

Ukraynada proseslərin necə cərəyan edəcəyi tədricən aydınlaşacaq. Bu arada isə ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın keçmiş müşaviri, Vaşinqtondakı Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin aparıcı əməkdaşı Edvard Lüttvak ölkələrin hərbi büdcəsi ilə hərbi qüdrəti arasında bağlılıq məsələləri mövzusunda “Azadlıq” radiosuna maraqlı müsahibə verib. Ərazimizin 20 faizi işğal altında olduğundan mütəxəssisin yanaşması xeyli dərəcədə diqqət çəkici və bəzi qiymətli nəticələr çıxarmaq baxımlından faydalı ola bilər.
Misal üçün, onun qənaətincə, heç vaxt unudulmamalıdır ki, hərbi sahəyə sərf olunan vəsaitlə silahlı qüvvələrin real döyüş qabiliyyəti arasında nisbət çox zəifdir və tez-tez hətta bərabər şəkildə maliyyələşdirilən iki ordu bu göstərici üzrə fərqlənir. Dünya dövlətlərinin hərbi xərcləri ilə bağlı problemləri araşdıran Stokholm İnstitutunun nəticələrini şərh edən ekspert hesab edir ki, ÜDM-yə münasibətdə faiz şəklində ifadə olunan hərbi xərclər təkcə silahları, perspektiv texniki işləri və şəxsi heyətin təlimi yox, həm də hərbi məmurların və onlara bağlı şəxslərin korrupsiyasını və qeyri-peşəkarlığını, habelə mənəvi və ya fiziki cəhətdən köhnəlmiş hərbi müəssisələrin qeyri-rasional dotasiyasını və s. ört-basdır edir.

Onun sözlərinə görə, ordunun maliyyələşməsi ilə döyüş qabiliyyəti arasında fərq həm döyüşən ordular arasında, həm də konfliktlərə cəlb olunmayan silahlı qüvvələr arasında özünü göstərməkdədir: “Hindistan ordusu yaxşı maliyyələşir və heç də pis döyüş təcrübəsinə malik deyil. Ancaq silahlı qüvvələrin ayrı-ayrı növləri arasındakı və daxildəki pərakəndəlik ona gətirib ki, bu ordunun ümumi effektliliyi yüksək deyil, halbuki ayrıca götürülmüş taborların effektliliyi çox yüksək ola bilər”.

“O qədər ölkə var ki, hərbi donanmaya böyük paralar xərcləyir, onu nümunəvi təmizlikdə və qaydada saxlayır, ancaq bu donanma ya ümumiyyətlə təlim keçirmir, ya da dəniz tam sakit olanda suya çıxır. Belə bir nümunə də gətirmək olar: Birləşmiş Ərəb Əmirliklərinin və Qətərin Hərbi Hava Qüvvələrinin (HHQ) 60 təyyarəsi var. Ancaq Liviyadakı hərbi əməliyyatlar zamanı onlar ora hərəsi yalnız ikicə hərbi maşın göndərə bildilər. Yerdə qalan təyyarələr ya pilotların aşağı hazırlığı ya da pis istismar səbəbindən səmaya qalxa bilmədi” - deyir Amerikanın sabiq prezidentinin köməkçisi.
Hərbi ekspert bu xüsusda başqa bir maraqlı nümunə gətirir: “Yaxud Malayziya və ya Sinqapurun HHQ-nə nəzər salaq. İki ölkənin büdcəsi təxminən eynidir. Amma Sinqapur hərbi donanması öz döyüş potensialına görə Malayziyanınkından bir baş yuxarıdır...”
Stokholm İnstitutunun son hesabatına görə, axır 10 ildə 23 ölkə, əsasən də avtoritar rejimli dövlətlər öz müdafiə xərclərini iki dəfədən çox artırıblar. Onların sırasında Azərbaycan və Qazaxıstan da var.

***
Ekspertin açıqlamasından Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan üçün ən azı iki mühüm qənaət hasil olur: 1. Orduya böyük vəsait xərcləmək hələ onun hədəfə çatması və avtomatik şəkildə ölkənin hərbi qüdrətinin ekvivalent ölçüdə artması anlamına gəlmir. Bundan ötrü vəsaitin xərclənməsinə, həm də rasional xərclənməsinə ciddi ictimai nəzarət olmalıdır (şəffaflıq, korrupsiya məsələsi); 2. Demokratik ölkələrdə az vəsaitlə daha güclü ordu qurmaq olar, nəinki avtoritar ölkədə böyük vəsaitlə.
Yəqin ki, niyəsini xırdalamağa lüzum qalmır.Bolgexeber-com