Azərbaycanın eks-prezidenti kimdir?
6-10-2011, 19:25
Oxunub: 6 016
Eks-prezidentlər statusunun müəyyənləşməsi ilə bağlı artıq parlamentdə müzakirələr başlayıb.
Ötən gün Milli Məclisin dövlət quruculuğu və Hüquq siyasəti Komitəsinin iclasında “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu” layihəsi müzakirə edilib. Bolgexeber.com həmin layihəni oxuculara təqdim edir:
Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinin II hissəsinə uyğun olaraq əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin (bundan sonra – “keçmiş Prezidentin”) və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir.
Maddə 1. Anlayışlar
1.1 Bu Qanunda digər hallar nəzərdə tutulmadıqda:
1.1.1 “keçmiş Prezident” dedikdə aşağıdakı şəxslər nəzərdə tutulur:
1.1.1.1 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş şəxs;
1.1.1.2 Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş şəxs;
1.1.1.3 Azərbaycan Respublikasının Konstitusiyasının 104-cü maddəsinə uyğun olaraq Prezident səlahiyyətlərinə xitam verilmiş şəxs.
1.1.2 “Keçmiş Prezidentin həyat yoldaşı” dedikdə keçmiş Prezidentin vəfat etdiyi tarixə, onun qanuna əsasən nikah bağlamış həyat yoldaşı nəzərdə tutulur;
1.1.3 “Öhdədə olan uşaq” dedikdə vəfat etmiş keçmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşaq nəzərdə tutulur.
Maddə 2. Keçmiş Prezidentin pensiyası
2.1 Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.
2.2 Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş pensiyanı almaq hüququna malik deyildir.
Maddə 3. Vəfat etmiş keçmiş Prezidentin həyat yoldaşına və ya öhdəsində olan ailə üzvlərinə ödənilməli olan müavinət
3.1 Keçmiş Prezidentin vəfat etməsindən sonra aşağıdakı şəxslərə bu Qanunun 2.1 -ci maddəsinə əsasən keçmiş Prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir:
3.1.1 Onun həyat yoldaşına; və ya
3.1.2 Həyat yoldaşı olmadıqda, onun öhdəsində olan uşağına.
3.2 Keçmiş Prezident öz səlahiyyət müddəti zamanı vəfat etdikdə, aşağıdakı şəxslərə bu Qanunun 2.1-ci maddəsinə əsasən Prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilir:
3.2.1 Onun həyat yoldaşına; və ya
3.2.2 Həyat yoldaşı olmadıqda, onun öhdəsində olan uşağına.
3.3 Bu Qanunun 3.1-3.2-ci maddələrinə əsasən müavinət alan keçmiş Prezidentin həyat yoldaşı vəfat etdikdə ödənilməli olan müavinətə bərabər tutulan aylıq müavinət öhdədə olan uşağa ödənilir.
3.4 Birdən artıq öhdədə olan uşaq olduqda, bu Qanunun 3.1-ci-3.3-cü maddələrinə əsasən ödənilməli olan müavinət, bərabər hissələrə bölünərək öhdədə olan uşaqlara ödənilir.
3.5 Müavinət ödənişlərini bölüşdürən öhdədə olan uşaq 18 yaşına çatdıqda, müavinətin ona aid hissəsi bölünməlidir və müavinət ödənişlərini almaq hüququna malik qalan öhdədə olan hər uşağa ödənilməlidir.
3.6 Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış və vəfat etmiş şəxsin həyat yoldaşı və (və ya) onun öhdəsində olan uşağı bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş müavinəti almaq hüququna malik deyildir.
Maddə 4. Pensiya və müavinətin ödənilə bildiyi dövr
4.1 Bu Qanunun 2.1-ci və 10.3-cü maddələrinə uyğun olaraq keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən onun vəfat etdiyi günədək ödənilməlidir.
4.2 Keçmiş Prezidentin həyat yoldaşına və ya öhdəsində olan uşağa ödənilməli olan müavinət keçmiş Prezidentin vəfat etdiyindən sonra növbəti gündən etibarən aşağıdakı tarixlərədək ödənilir:
4.2.1 həyat yoldaşının vəfat etdiyi tarixədək; və
4.2.2 öhdədə olan uşaq 18 yaşına çatdığı tarixədək.
4.3 Bu Qanunun 3.3-cü maddəsinə əsasən keçmiş Prezidentin həyat yoldaşının vəfat etməsindən sonra öhdədə olan uşağa ödənilməli olan müavinət keçmiş Prezidentin həyat yoldaşının vəfat etdiyindən sonra növbəti gündən etibarən həmin uşağın 18 yaş həddinə çatdığı tarixədək ödənilməlidir.
Maddə 5. Dövlət büdcəsinin vəsaiti hesabına ödənilən xərclər
Bu Qanuna uyğun olaraq pensiyaların və müavinətlərin ödənilməsindən və digər təminatların verilməsindən irəli gələn xərclərin məbləği dövlət büdcəsində ayrıca sətirlə göstərilməlidir.
Maddə 6. Özgəniləşdirmənin qadağa edilməsi
6.1 Bu Qanuna uyğun olaraq ödənilməli olan pensiya, müavinət və digər ödəmələr məcburi olaraq özgəsinə verilə və ya ötürülə, yaxud məhkəmənin qərarı ilə tutula və ya girov qoyula bilməz.
6.2 Aşağıdakı məqsədlər istisna təşkil edir:
6.1.1 Azərbaycan dövlətinə ödənilməli olan və müddəti bitmiş borc;
6.1.2 Pensiyanın təyin edildiyi keçmiş Prezidentin keçmiş həyat yoldaşının və ya azyaşlı uşağın saxlanması üçün müntəzəm olaraq pul məbləğlərinin ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı.
Maddə 7. Müflislik
Bu Qanuna uyğun olaraq pensiya, digər ödəmələr, habelə müavinət almaq hüququna malik olan şəxsin əmlakı müsadirə edildikdə və ya digər üsullarla məcburi olaraq mülkiyyətindən çıxarıldıqda, pensiya, müavinət və ya digər ödəmələrin dəyəri müflisin aktivlərinin heç bir hissəsini təşkil etmir.
Maddə 8. Gəlir vergisindən azad olunma
Bu Qanuna uyğun olaraq ödənilən pensiya və müavinətin məbləği gəlir vergisinin tutulmasından azad olunur.
Maddə 9. Tibbi təminat
Dövlət qulluğu üçün müəyyən edilmiş tibbi təminat üzrə hər hansı qanun və qaydaların müddəaları keçmiş Prezidentə və onun ailə üzvlərinə şamil olunur.
Maddə 10. Digər təminatlar
10.1 Keçmiş Prezidentə aşağıdakı digər təminatlar verilir:
10.1.1 Təminat heyəti:
10.1.1.1 üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;
10.1.1.2 bir sürücü
10.2 Nəqliyyat:
10.2.1 dövlət tərəfindən təqdim edilən bir avtomobil.
10.3 Nümayəndəlik xərcləri:
10.3.1 Keçmiş Prezidentə Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının iyirmi (20 %) faizinə bərabər tutulan aylıq nümayəndəlik xərcləri ödənilir.
10.3.2 Nümayəndəlik xərclərinin istifadəsinə dair illik hesabat hər ilin dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
10.4 Keçmiş Prezidentə və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilir.
10.5 Bu Qanunun 10.1.1 maddəsində göstərilən şəxslərin əmək haqları dövlət büdcəsi hesabına ödənilir.
Maddə 11. Keçmiş Prezidentin və onun həyat yoldaşının toxunulmazlığı
11.1. Keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.
11.2 Keçmiş Prezidentin həyat yoldaşı keçmiş Prezident Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.
11.3 Keçmiş Prezident və onun həyat yoldaşı Azərbaycan Respublikasının Baş prokurorunun razılığı olmadan cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
11.4 Keçmiş Prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda keçmiş Prezidenti və ya onun həyat yoldaşını tutan orqan (vəzifəli şəxs) bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
Maddə 12. Şəxsi arxiv
Rəsmi yazışma sənədlərinin sürətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır.
Çox Oxunanlar
- 26-10-2024, 17:25 : İrandan ŞOK İDDİA- Qırıcılarını vurduq
Dünya / Xəbərlər
- 25-10-2024, 18:40 : Hava ilə bağlı XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 2-11-2024, 18:54 : Bunu edən piyadalar cərimələnəcək?
Xəbərlər / Ölkə
- 15-10-2024, 16:34 : "Yalı çapkını"nın aktyorları nişanlandı
Şou-Biznes
- 17-10-2024, 14:56 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 15-10-2024, 11:22 : Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
Şou-Biznes
- 17-10-2024, 20:58 : Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ələsgərli kəndində keçirilib
Bölgə / Xəbərlər
- 17-10-2024, 14:49 : Oğuzhan Koç yeni sevgilisi ilə ilk dəfə görüntüləndi
Şou-Biznes
- 16-10-2024, 16:52 : Hadisənin yeni sevgilisi kimdir? - Yan-yana görüntüləndilər
Şou-Biznes
- 15-10-2024, 15:10 : Xankəndidə Azərbaycan bayrağının ucaldılması tarixi qələbənin əbədi simvoludur
Analitika / Xəbərlər