BolgeXeber.Com » Siyasət » İcra başçısı yol qəzasına düşdü

İcra başçısı yol qəzasına düşdü

24-10-2011, 11:40
Oxunub: 2 092 İki gün öncəki dəhşətli qəzanı Fəxrəddin Məlikovun sürücüsünün törətdiyi deyilir; olay yerindən başçının özü və “Lexus” maşını dərhal uzaqlaşdırılıb.

“Yeni Müsavat”ın dünənki sayında Kürdəmir rayonunda dəhşətli yol qəzasının baş verməsi haqda məlumat dərc olunub. Xəbərdə deyilir ki, qəza oktyabrın 22-də saat 10:45 radələrində rayonun Karrar kəndi ərazisində qeydə alınıb. “Ford” və “Mercedes” markalı iki mikroavtobus “VAZ-2107", ”Mercedes" və “Lexus” markalı minik maşınları ilə toqquşub. Nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

anspress.com saytının yaydığı məlumata görə, hadisə zamanı Kürdəmir sakini, 21 yaşlı Turxan Nadirov və Neftçala sakini, 21 yaşlı Şəfa Əliyeva hadisə yerindəcə keçiniblər. Qəza zamanı yaralananlar - Fəxrəddin Hətəmov, İmran İsgəndərov, Gülsüm Məmmədova, Şəmşir Nadirov, Natiq Cavadlı, Tahir Həsənov və Vüsal Əliyev isə xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Qəzaya “Lexus” markalı maşının səbəb olduğu söylənir. Maşın olaydan dərhal sonra hadisə yerindən götürülüb. Saytın da məlumatında qeyd edilir ki, günorta saatlarına qədər qəzaya uğrayan 4 avtomobil yol kənarında qalsa da qəzaya səbəb olduğu bildirilən “Lexus” markalı maşın dərhal hadisə yerindən götürülüb. Qəzanın dəqiq səbəbləri ilə bağlı məlumat verilməyib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Məlumata görə, dünyasını dəyişən şəxslər “VAZ-2107" markalı maşının sərnişinləridir və onlar xəstəxanaya aparılarkən yolda keçiniblər. Kürdəmir Rayon Polis Şöbəsindən anspress.com saytına qəza faktı təsdiqlənsə də, təfərrüatları barədə hələlik məlumatlarının olmadıqlarını bildiriblər.

Dünən həmin hadisə ilə bağlı redaksiyamıza daxil olan digər məlumata görə isə hadisə yerindən tələn-tələsik aparılan “Lexus” markalı maşın Kürdəmirin icra başçısı Fəxrəddin Məlikova məxsusdur. Hadisə zamanı icra başçısının da maşında olduğu və xəsarət aldığı deyilir. Amma məlumata görə, onun və sürücüsünün hadisədə iştirakının gizlədilməsi üçün maşınla birlikdə oradan dərhal aparılıblar. Fəxrəddin Məlikov “Azəriqaz”ın sabiq prezidenti Əlixan Məlikovun qardaşıdır.
İş günü olmadığı üçün rəsmi qurumların məsələ ilə bağlı mövqeyini öyrənə bilmədik. Yazı ilə bağlı adıçəkilən şəxslərin də mövqeyini çap etməyə hazırıq.

musavat.com