BolgeXeber.Com » Siyasət » Eks-prezidentlər haqqında qanun birinci oxunuşdan keçdi

Eks-prezidentlər haqqında qanun birinci oxunuşdan keçdi

25-10-2011, 16:55
Oxunub: 5 720 Oktyabrın 25-də Milli Məclisdə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsi ilk oxunuşda qəbul olunub.

Bolgexeber.com saytının məlumatına görə, layihənin lehinə 110, əleyhinə 3 deputat səs verib, 1 nəfər bitərəf qalıb. Parlamentin iclasında iştirak edən deputatlardan 1-i isə səsverməyə qatılmayıb.

Layihə əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir.

Layihəyə görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 50 faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

Keçmiş prezidentin vəfat etməsindən sonra həyat yoldaşına və ya həyat yoldaşı olmadıqda onun öhdəsində olan uşağına keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın 50 faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir.

Eyni şəxslərə prezident öz səlahiyyət müddəti zamanı vəfat etdikdə prezidentə ödənilməli olan pensiyaya bərabər tutulan müavinət ödənilir.

Keçmiş prezidentin həyat yoldaşı vəfat etdikdə ödənilməli olan müavinətə bərabər tutulan aylıq müavinət öhdədə olan uşağa ödənilir.

Layihəyə görə, dövlət qulluğu üçün müəyyən edilmiş tibbi təminat üzrə hər hansı qanun və qaydaların müddəaları keçmiş prezidentə və onun ailə üzvlərinə şamil olunur.

Keçmiş prezidentə aşağıdakı digər təminatlar da verilir:

- üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;

- bir sürücü;

- dövlət tərəfindən təqdim edilən bir avtomobil.

Keçmiş prezidentə Azərbaycan Respublikasının prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əməkhaqqının 20 faizinə bərabər tutulan aylıq nümayəndəlik xərcləri ödənilir.

Layihəyə görə, keçmiş prezidentin və onun həyat yoldaşının toxunulmazlığı var.

Keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Keçmiş prezidentin həyat yoldaşı keçmiş prezident Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra etdiyi və ondan əvvəlki dövrdə etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.

Keçmiş prezident və onun həyat yoldaşı Azərbaycan Respublikasının baş prokurorunun razılığı olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.