BolgeXeber.Com » Siyasət » Müxalifət Qarabağa dair sənədi müzakirəyə çıxardı

Müxalifət Qarabağa dair sənədi müzakirəyə çıxardı

24-05-2014, 09:35
Oxunub: 4 552 Müsavat Partiyasının qərargahında Milli Strateji Düşüncə Mərkəzi “Qarabağ Böhran Masası” adlı tədbir keçirilib. Tədbiri yazıçı-publisist Mehriban Vəzir açıb. O, çıxış üçün sözü Müsavat Partiyasının başqanı İsa Qəmbərə verib.

İ.Qəmbər bildirib ki, Azərbaycan minillik tarixinin hazırda ən önəmli dövrlərindən birini yaşayır. O qeyd edib ki, milli iradənin ortaya çıxması üçün Düşüncə Mərkəzlərinin yaradılmasına ehtiyac var: “Bəzən mətbuatda belə fikirlər gedir ki, biz hansısa təşkilat yaradırıq. Birmənalı şəkildə bildirirəm ki, hələlik heç bir təşkilat yaratmırıq. Bu, bir prosesdir. Prosesdə ziyalılar, jurnalistlər, siyasətçilər və ictimai xadimlər iştirak edir. Bir daha qeyd etmək istəyirəm ki, bu, bir prosesdir, təşkilat deyil və Milli Strateji Düşüncə Mərkəzinin müzakirə platforması kimi böhran masaları keçirilməsini nəzərdə tutmuşuq. Bu istiqamətdə fikirlərimizi böhran masaları vasitəsilə ictimaiyyətə çatdıracağıq. Bundan öncəki tədbirimiz zamanı “Rusiya təhlükəsi”ni müzakirəyə çıxarmışdıq. Həmin müzakirələr həm ölkədə, həm də ölkə xaricində geniş rezonans doğurub”.

Sabiq deputat Pənah Hüseyn bildirib ki, Qarabağ məsələsində ümummilli mövqenin parçalanmasına yol vermək olmaz. O qeyd edib ki, əgər bu baş versə, Qarabağ məsələsində təhlükəli duruma düşə bilərik: “Mən hesab edirəm ki, Qarabağ məsələsinin daxili siyasi məsələlərdə istifadəsi yolverilməzdir. Digər tərəfdən bu gün münaqişənin həlli ilə məşğul olmaq missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk Qrupu faktiki olaraq münaqişəni konservləşdirməyə xidmət edir. Hazırkı həmsədrlik institutu daha az effektlidir və daha çox qarşı tərəfin manevr etməsinə yardımçı olur. ATƏT-in ümumi mandatı da artıq əhəmiyyətini itirib. Biz təklif edirik ki, Minsk Qrupunun yaradıldığı ilk vaxtlarda olduğu kimi tək həmsədrliyə qayıdılsın. Yaxud, Qarabağ probleminin həlli üzrə beynəlxalq konfransın keçirilməsi mexanizmi seçilməlidir. Hakimiyyət də ciddi şəkildə Minsk Qrupundan imtinaya çalışmalıdır. Təhlükənin ciddi şəkildə artmasına görə hərbi əməliyyatların başlaması haqqında cəmiyyətin tələbləri açıq şəkildə irəli sürülməlidir”.

P.Hüseyn həmçinin deyib ki, beynəlxalq aləmdə baş verən hadisələr Azərbaycanın Qarabağ məsələsində mövqeyini gücləndirir: “Mən fikir verdim ki, AŞ PA-da keçirilən səsvermədə hətta liberal qrupun üzvləri də Krımın ilhaqına qarşı çıxdılar. Halbuki, liberallar bu kimi məsələlərdə adətən neytral mövqe tuturlar. Bu onu göstərir ki, necə deyərlər bizim də Allahımız var”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc hələ 2006-cı ildə Qarabağ məsələsini elmi şəkildə araşdıran bir mərkəzin yaradılmasını təklif etdiklərini bildirib. O həmçinin deyib ki, Azərbaycanda erməni icmasının adından danışan bir birlik yaradılmalıdır: “Biz ATƏT-in Minsk Qrupunun ləğvinə çalışmamalıyıq. Çünki Minsk Qrupunun üç həmsədrinin iradəsindən kənarda heç bir hadisə baş vermir”.

“Turan” Agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, Fransa prezidenti Fransua Olland Bakıda olarkən Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət edib: “Bu onu göstərir ki, Fransa yaxın illərdə bu prosesdə öndə olacaq”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov da ATƏT-in Minsk Qrupundan imtinaya çağırış edib: “Nə statusdan, nə də digər məsələlərdən söhbət gedə bilər. 1991-ci ildən sonra Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti adlı qurum yoxdur. Ermənilər Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlərsə, yaşasınlar. Əks təqdirdə biz müharibəyə başlamalıyıq”.

Müzakirələrə yekun vuran Müsavat Partiyasının başqanı İ.Qəmbər deyib ki, Dağlıq Qarabağ münaqişəsi kimi məsələlər geopolitik zəlzələlər zamanı həllini tapa bilər. O qeyd edib ki, artıq bu proses başlayıb: “Krımın ilhaqı ilə Rusiya bütün beynəlxalq münasibətlər sistemini çökdürdü. Bütün dünya artıq ərazi bütövlüyü məsələsini xalqların öz müqəddəratını təyinetmə prinsipindən üstün tutmağa başlayıb”.

Müzakirələrin yekununda “Yeni geosiyasi vəziyyətdə Qarabağ problemi: təhdidlər və çıxış yolları” adlı sənəd layihəsi qəbul olunub.